Tamamilə sağlam olan insanlar da həmin günlərdə baş ağrılarından, əsəbilikdən və halsızlıqdan əziyyət çəkəcəklər
XəzərXəbər Sputnik.az-a istinadən xəbər
verir ki, alimlər xəbərdar ediblər ki, yazın əvvəlində Yer kürəsinin
sakinləri güclü şəkildə maqnit fırtınasının təsirini hiss edəcəklər.
Həmin maqnit fırtınası bizim planetin elektromaqnit sahəsini poza bilər.
Ürək-damar xəstəliklərindən əziyyət çəkən Yer sakinləri yaz təqviminin
başlaması ilə əlaqədar olaraq diskomfort hiss edəcəklər. 1, 2 və 3 mart
tarixlərində planetimiz maqnit fırtınasının ilk dalğasını adlayıb.
Günəşin rentgen astronomiyası ilə məşğul olan laboratoriyanın
mütəxəssisləri bildiriblər ki, Günəşdə baş verən partlayış nəticəsində
kosmosa külli miqdarda güclü yanan qazlar atılıb. Nəticədə mavi planetin
müxtəlif hissələrində təkcə mobil operatorların fəaliyyəti deyil, digər
sahələrin, eləcə də mülki aviasiyanın da işində nasazlıq müşahidə
edilir.
Yer kürəsində növbəti və nisbətən güclü maqnit fırtınası martın 16-da
baş verəcək. Martın 17-də isə fırtına təkrarlanacaq. Elektromaqnit
dalğalarının növbəti güclü titrəyişi isə martın 23-də gözlənilir.
Günəşdə baş verən maqnit qasırğası Yer kürəsinin elektromaqnit sahəsinə
təsir göstərir. Mütəxəssislər bildirirlər ki, bu proses bir çox
insanların səhhətində ciddi problemlər yaradır və onlar özlərini daha
pis hiss etməyə başlayırlar. Ekspertlər həmin günlərdə qan təzyiqindən,
ürək-damar xəstəliklərindən əziyyət çəkənləri, immuniteti zəif olanları
və yorğun insanları öz səhhətlərinə qarşı diqqətli olmağa çağırıblar.
Tamamilə sağlam olan insanlar da maqnit qasırğası baş verən həmin
günlərdə baş ağrılarından, əsəbilikdən və halsızlıqdan əziyyət
çəkəcəklər. Alimlər həmin günlərdə istirahət etməyi, işlə yüklənməməyi
tövsiyə edirlər.