Xəzər Xəbər

SOCAR son 13 ildə Gürcüstana 1 mlrd. dollardan çox sərmayə yatırıb

İqtisadiyyat | 13:23 • 3 Dekabr 2020
SOCAR son 13 ildə Gürcüstana 1 mlrd. dollardan çox sərmayə yatırıb

SOCAR tərəfindən 2007-2019-cu illər ərzində Gürcüstan iqtisadiyyatına 1,1 mlrd. ABŞ dollarından çox investisiya qoyulub.


Bu barədə SOCAR-ın 2019-cu ilin nəticələrinə dair "Davamlı inkişaf" adlı hesabatda deyilir.


Sənəddə qeyd olunub ki, 2006-cı ildən etibarən SOCAR Gürcüstan bazarına daxil olaraq, bu ölkənin enerji sektoruna investisiya yatırmaqdadır. Hazırda Gürcüstanda "SOCAR Energy Georgia", "SOCAR Georgia Petroleum", "SOCAR Georgia Gas", "SOCAR Georgia Security" şirkətləri və Kulevi neft terminalı fəaliyyət göstərir.


SOCAR həmçinin Gürcüstanın da ən böyük vergi ödəyicisidir. Belə ki, hesabata əsasən, 12 il ərzində bu qurumlar tərəfindən Gürcüstanın dövlət büdcəsinə 1,5 mlrd. dollar həcmində vergi ödənilib. Bu məbləğ təqribən SOCAR-ın Azərbaycan büdcəsinə tək bir il ərzində ödədiyi məbləğə bərabərdir.


"Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan "SOCAR Georgia Petroleum" MMC 114 yanacaqdoldurma məntəqəsinə, 16 xidmət mərkəzinə və 5 neft terminalına malikdir", - hesabatda deyilir./apaeconomics


Nərmin Məcidli

Xəbər lenti