Xəzər Xəbər

Metronun “Nərimanov” elektrik deposunda yeni qazanxana tikilib

İqtisadiyyat | 15:11 • 28 Noyabr 2020
Metronun “Nərimanov” elektrik deposunda yeni qazanxana tikilib

"Bakı Metropoliteni” QSC-nin "Nərimanov” elektrik deposunda yeni qazanxana binası inşa olunub.


QSC-dən  bildirilib ki, cari ildə payız-qış mövsümünə hazırlığın əsas cəhətlərindən biri də əlverişsiz hava şəraitində çıxdaşa yol vermədən metropoliten təsərrüfatlarının fəaliyyətini fəslin tələblərinə uyğun qurmaq və işin fasiləsizliyini təmin etməkdir. Bu il üçün nəzərdə tutulan tədbirlər planına müvafiq olaraq, Bakı Metropoliteninin əsas istismar bazasının yerləşdiyi "Nərimanov” elektrik deposu ərazisində isitmə sistemini və isti su təchizatını yaxşılaşdıraraq daha etibarlı və optimal səviyyəyə çatdırmaq məqsədilə bir sıra tədbirlər yerinə yetirilib. Yeniliklər sırasında yeni qazanxananın inşası, istilik sistemi, isti və soyuq su xətlərinin, həmçinin yanğın su xəttinin yenidən çəkilərək tikilmiş kollektorun daxilinə salınması xüsusi əhəmiyyət daşıyır. Çünki son illərdə "Nərimanov” deposunda aparılan əsaslı yenidənqurma işləri bu sahədə də dönüş yaradılmasını tələb edirdi.



Hazırda depoda vaqonların təmir sexləri tamamilə yenidən qurularaq müasir dövrün tələbləri səviyyəsinə çatdırılıb. Pilot layihə kimi, vaqonların əsaslı təmiri sexi istifadəyə verilib. Qatarlara qulluq və texniki baxış qanovlarında əsaslı təmir işləri davamlı aparılır. Bunlardan savayı, material-texniki təchizatı optimal səviyyəyə çatdıran yeni anbar təsərrüfatı sahəsi inşa edilib. Depo və park yollarında qatarların hərəkətini ən müasir standartlar səviyyəsində təmin edən sistemlər qurulmaqla 5 mərtəbədən ibarət yeni tipli hərəkətin mərkəzləşdirmə məntəqəsi, enerji təchizatını ən optimal şəkildə təmin edən iki elektrik yarımstansiyası, elektrik mühərriklərinin təmiri və qulluğu sexi istifadəyə verilib.


Bu və digər tədbirlərin tələbinə uyğun olaraq əsas meyarlar müəyyən edilərək 576 kvadratmetr sahədə yeni qazanxananın binası inşa olunub. Burada müasir texnologiyaların standartlarına cavab verən Türkiyə istehsalı, "Mimşan” markalı 2 qazan quraşdırılıb. Onların hər birinin istilikvermə gücü 2993 kilovatdır. Keçmiş qazanxanada fəaliyyət göstərən və hazırda istismarda olan İtaliya istehsalı "Unikal” tipli daha 2 qazan da yeni tikilən qazanxanada quraşdırılır. Hər birinin gücü 3000 kilovat olan qazanların işçi hərarəti 70-90 C dərəcə, işçi təzyiqi 6 bardır.


Bu qazanlardan biri isti suyu təlabata uyğun olaraq istilik məntəqəsindən lokomotiv parkının təmir sahəsinə ötürür. Məqsəd burada yerləşən yuyucu maşınların, məhlul çənlərinin qızdırılması və təkər cütlərinin təmizlənməsidir. Digər qazanlar növbə ilə depo ərazisində yerləşən xidməti binaları isti su və istilik sistemi ilə təmin edir.


Qazandakı suyun yumşaldılması və ərpdən mühafizə olunması üçün hazırda mexaniki təmizləmə qurğusundan istifadə olunur. Layihə üzrə isti su təchizatında esenjor, boyler və boruların ərpdən qorunması üçün elektromaqnit və kimyəvi təmizləmə funksiyasına malik yeni filtrasiya sisteminin quraşdırılması nəzərdə tutulub.


Yenidənqurma işinin tərkib hissəsi kimi depo ərazisində tikilən qazanxanaya, habelə yeməkxanaya yeni qaz xətti çəkilərək istismara verilib. Bununla da depo ərazisindəki bütün istehsalat və sosial obyektlərin istiliyə və isti suya ehtiyacı olan tələbatı tam ödənilməklə yeni standartlar səviyyəsinə çatdırılıb.


Nərmin Məcidli


Xəbər lenti