Xəzər Xəbər

Alternativ yemçiliyin inkişafı üçün tədqiqat aparılır

İqtisadiyyat | 10:43 • 9 İyun 2020
Alternativ yemçiliyin inkişafı üçün tədqiqat aparılır

Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ETİ) ölkədə alternativ yemçiliyin inkişafı istiqamətində tədqiqat işləri aparılır. Bu tədqiqatlardan biri lərgə bitkisini (gülül) əhatə edir. İnstitutun Abşeron Təcrübə Stansiyasının ərazisində bitkinin təcrübə-nümayiş əkini həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, biologiya üzrə fəlsəfə doktoru Atif Zamanov tərəfindən aparılan təcrübənin əsas məqsədi lərgənin açıq torpaq şəraitində aqrotexnikasının, xəstəlik və adaptasiya xüsusiyyətlərinin öyrənilməsidir.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov, şöbə müdiri Nicat Nəsirli və Əkinçilik ETİ-nin direktoru Faiq Xudayev bitkinin təcrübə sahəsində baxış keçirərək inkişaf fazaları təhlil olunub. Sahədə aparılmış müzakirə zamanı vurğulanıb ki, lərgə bitkisi növbəli əkin sisteminin qurulması üçün əlverişli bitkidir.

Paxlakimilər fəsiləsinə aid olan bitki ərzaq, yem və texniki məqsədlər üçün becərilə bilər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34 faiz zülal, 24-45 faiz sulu karbonlar, 0,5-0,7 faiz yağ, 4,0-4,6 faiz sellüloza və 2,0-2,5 faiz kül var. Yaşıl kütləsində 20 faiz xam zülal, 2,9 faiz yağ, 42,8 faiz azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8 faiz protein və 15,4 faiz azotsuz ekstraktiv maddələr olur.

Abşeron bölgəsində aparılan ilkin təcrübələr zamanı məlum olub ki, lərgə quraqlığa, şoranlığa, zərərverici və xəstəliklərə davamlıdır. Hər hektardan orta hesabla 45 sentnerdən, 250-300 sentner yaşıl kütlə məhsulu verir. Lərgə herik bitkisi kimi də becərilə bilər. Lərgə dənli taxıl bitkiləri üçün yaxşı sələf olduğundan sahə dərhal küləşdən təmizlənməli və payıza qədər taxıl səpininə hazırlanmalıdır.

İnstitut tərəfindən bitkinin bioloji xüsusiyyətlərinin daha yaxından öyrənilməsi məqsədilə üç fərqli bölgədə təcrübə əkinləri aparılaraq fermerlərə tövsiyə ediləcək.

Xəbər lenti