Xəzər Xəbər

Bu gündən “OPEC+” ölkələri neft istehsalının məhdudlaşdırılması üzrə öhdəliklərdən azaddır

İqtisadiyyat | 15:29 • 1 Aprel 2020
 Bu gündən “OPEC+” ölkələri neft istehsalının məhdudlaşdırılması üzrə öhdəliklərdən azaddır

Səudiyyə Ərəbistanının başçılıq etdiyi OPEC üzvləri və Rusiya başda olmaqla digər qeyri-OPEC neft hasilatçısı ölkələr ("OPEC+”) bu gündən etibarən neft istehsalının məhdudlaşdırılması üzrə öhdəliklərindən azaddır. Mövcud "Əməkdaşlıq Bəyannaməsi”nin icrası martın 31-də başa çatıb.

Neft istehsalının məhdudlaşdırılması və "OPEC+” formatında əməkdaşlıq hansı zərurətdən yarandı?

Beş il əvvəl dünya bazarında neftin bir barrelinin qiyməti 30-35 dollar səviyyəsinə düşmüşdü. Bu vəziyyət təbii ki, neft ixracatçılarını düşündürür, onlar çıxış yolları axtarırdı. Prosesə nəzarət edən qurum OPEC idi. OPEC də kartel üzvləri ilə birgə vəziyyətdən çıxış yollarını götür-qoy edirdi.

2016-cı il sentyabrın 28-də Əlcəzairdə keçirilən Beynəlxalq Enerji Forumu çərçivəsində OPEC-in qeyri-rəsmi toplantısında neft hasilatının məhdudlaşdırılması məsələsi ilk dəfə müzakirə edildi və müvafiq saziş imzalandı. Kartel üzrə hasilatın 1 il müddətinə məhdudlaşdırılması nəzərə tutulurdu. Həmin il oktyabrın 29-da Vyanada ilk dəfə OPEC-ə üzv və üzv olmayan ölkələrin yüksək səviyyəli komitəsinin iclası keçirildi. Qeyri-OPEC ölkələrindən Azərbaycan, Rusiya, Qazaxıstan və Meksikanın təmsil olunduğu iclasın məqsədi neft hasilatının məhdudlaşdırılmasına dair OPEC ölkələri arasında sentyabrda bağlanmış Əlcəzair sazişinin həyata keçirilməsinə dair qeyri-OPEC ölkələri ilə məsləhətləşmələrin aparılması idi. Nəhayət 2016-cı il dekabrın 10-da OPEC-ə üzv və kartelə daxil olmalan 24 ölkə növbəti ilin əvvəlindən bir il müddətinə qüvvədə olan "Əməkdaşlıq Bəyannaməsi”ni imzaladı. Daha sonra sazişin müddəti müxtəlif illərdə yenidən uzadıldı. Bu illər ərzində neft bazarında tələb-təklif tarazlığı yarandı, qiymət iştirakçı ölkələri qane edən səviyyəyə yüksəldi. Nəhayət ötən il dekabrın 6-da sazişin müddəti yenidən cari ilin birinci rübünün sonunadək artırıldı. "OPEC+” ölkələri üzrə gündəlik neft hasilatı 1,7 milyon barrel azaldıldı.

Nəhəng neft hasilatçılarının qiymət müharibəsi və koronavirusun fəsadları

Səudiyyə Ərəbistanı və Rusiya kimi nəhəng neft istehsalçılarının hasilat və qiymət müharibəsi, eləcə də koronavirus pandemiyasının yayılmasının coğrafiyasının genişlənməsi fonunda son günlər qlobal enerji bazarı yeni bir tənəzzül dövrünü yaşayır.

Martın ilk həftəsində enerji bazarının iştirakçılarının diqqəti OPEC və qeyri-OPEC ölkələrinin toplantısına yönəlmişdi. Məqsəd isə yığıncaqdan hər kəsi qane edəcək qərarın qəbul edilməsi, yəni bazardan izafi neft həcmlərini çıxartmaq idi. Lakin üçgünlük toplantısı nəticə vermədi.

Belə ki, Vyana məsləhətləşmələrinin ilk günü - martın 4-də OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 18-ci iclasında neft hasilatının daha da azaldılması üzrə Rusiyanı razı salmaq mümkün olmadı. İclasda neftin qiymətinin ucuzlaşmasının qarşısının alınması məqsədilə hasilat məhdudiyyətlərinin daha da dərinləşdirilməsi barədə razılıq əldə edilmədi. Rusiyanın martın sonunda bitəcək mövcud sazişin müddətinin ikinci rübün sonuna qədər uzadılmasını müdafiə etdi. Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi OPEC ölkələri isə neft hasilatının azaldılmasını gündəlik 1-1,5 milyon barrelə qədər dərinləşdirməyə tərəfdar oldular.

Martın 5-də OPEC Nazirlər Şurasının 178-ci iclasında "Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində ötən ilin dekabrında gündəlik neft hasilatının daha da azaldılmasından ötən müddətdə qlobal bazarda baş verən dəyişikliklər, tələb-təklif tarazlığının mövcud vəziyyəti, ilin əvvəlindən "qara qızıl”ın qiymətindəki kəskin ucuzlaşma, koronavirusun enerji bazarına təsirləri və bununla bağlı atılacaq addımlar əsas müzakirə mövzusu oldu. OPEC-ə üzv 14 ölkənin enerji və neft nazirlərinin iştirak etdiyi iclasda kartel üzvləri neft hasilatının sutkada daha 1,5 milyon barrel azaldılmasına razılıq verdilər. OPEC üzvləri əvvəlcə kartel üzrə neft hasilatının sutkada 1 milyon barrel, "OPEC+” üzrə isə gündəlik 0,5 milyon barrel azaldılmasını, bu istehsal məhdudiyyətinin iyunun 30-a kimi qüvvədə olmasını qərarlaşdırdılar. Lakin nazirlərin daha sonra keçirdiyi qeyri-rəsmi görüşdə "OPEC+” üzrə hasilat məhdudiyyəti sutkalıq 1,5 milyon barrel dərinləşdirilməklə sazişin müddətinin ilin sonuna qədər uzadılması razılaşdırıldı.

"OPEC+” nazirlərinin martın 6-da keçirilən 8-ci görüşündə OPEC neft hasilatına dair məhdudiyyətin dərinləşdirilməsini və mövcud sazişin müddətinin uzadılmasını təklif etdi. "OPEC+” ökələrindən Rusiya və Qazaxıstan isə hasilatın azaldılması təklifini qəbul etmədi. Beləliklə də, nazirlər görüşdə neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılığa gələ bilmədilər.

Nə oldusa bundan sonra oldu. Belə ki, rəsmi Moskva və Ər-Riyad bir-birinin addımlarına sərt reaksiya verməyə başladı. Nəticədə Səudiyyə Ərəbistanı və Rusiya neftdə uzun və dağıdıcı qiymət müharibəsinə başlamaq üçün addımlar atdı. Hər iki ölkə apreldən etibarən neft hasilatını artıracağını açıqladı.

Şirkətə yaxın mənbəyə görə, Rusiyanın ən böyük neft istehsalçısı "Rosneft” "OPEC+” sazişinin müddəti bitən vaxtdan etibarən hasilatını artırmağı planlaşdırır. Şirkətin neft hasilatını nə qədər sürətlə artıra biləcəyi sualına cavab olaraq mənbə təcrübəli analitiklərin hasilatın bir və ya iki həftədə 300 min barrel artacağını hesabladıqlarını söyləyib. Bu həcm sayəsində Rusiya "OPEC+” üzrə tətbiq etdiyi məhdudiyyətləri bərpa etməklə bir az daha çox məhsul istehsal edəcək.

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco” isə öz neftinin qiymətinə son 30 ildə ən böyük endirim edib. Qlobal miqyasda ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının bu misli görünməmiş qiymət endirimindən sonra Asiyadakı dünyanın ən böyük xam neft idxalçıları aprel ayında daha çox səudiyyə nefti almaq niyyətindədir. Belə ki, Çin və Sinqapurun Səudiyyə Ərəbistanından aldıqları neftin həcmini artırmağa çalışdığı qeyd edilir. Həmçinin Səudiyyə Ərəbistanı Energetika Nazirliyi "Saudi Aramco”nun neft hasilatını gündəlik 12 milyon barreldən 13 milyon barrelə qədər artırılması barədə tapşırıq verib.

Qiymət niyə bu qədər kəskin aşağı düşdü?

"Qara qızıl”ın qiymətində tarixən bu kimi enişli və çıxışlı dövrlər olub. Belə ki, 1973-cü ildə bir barreli 3 dollar, 1998-ci ildə 9 dollar olan neft 2008-ci ilin iyununda 134 dollaradək yüksəlib. Lakin bu qiymət dəyişkənlikləri əsasən bir neçə ay və il ərzində baş verib. Qiymətdəki böyük sıçrayış 1973-cü ilin dekabr və 1974-cü ilin yanvar aylarını əhatə edən dövrdə baş verib. Ancaq qiymətin builki kimi qısamüddətli dövrdə kəskin enməsinə tarixən rast gəlinməyib. Belə ki, cari ilin əvvəlində dünya bazarında neftin qiyməti 70 dollar/barrel, martın əvvəlində isə 50 dollar/barreldən çox olub.

Bu həftə "Brent”in qiyməti 18 illik antirekordunu təzələyərək 22 dollar/barrelə enib. "Light” markalı xam neftin bir barrelinin qiyməti isə 2002-ci ildən bəri ilk dəfə 20 dollardan aşağı düşüb. Hətta vəziyyət o yerə çatıb ki, hazırda 1 litr su 1 litr neftdən baha satılır.

Nəhayət bütün bu proseslər neft bazarında tənəzzül yaratdı: neftin qiymətin 1991-ci il Körfəz müharibəsindən bəri ən böyük səviyyədə azalma, enerji şirkətlərinin milyardlarla dollar dəyər itirməsi və karbohidrogen resursdan asılı ölkələrin iqtisadiyyatlarının sürətli şəkildə geriləməsi.

Xəbər lenti