Xəzər Xəbər

“OPEC+” nazirlərinin nəticəsiz iclası fonunda sürətlə enən neft qiymətləri

İqtisadiyyat | 16:56 • 7 Mart 2020
“OPEC+” nazirlərinin nəticəsiz iclası fonunda sürətlə enən neft qiymətləri

Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin ("OPEC+”) nazirlərinin iclasında neft hasilatının əlavə olaraq azaldılması barədə razılığa gəlmək mümkün olmadı. OPEC üzvləri bu dəfə "OPEC+” koalisiyasının ən böyük neft istehsalçısı olan Rusiya ilə kompromisə gələ bilmədilər. Nəticədə Londonun ICE birjasında "Brent” markalı xam neftin qiyməti "OPEC+” mexanizmi fəaliyyətdə olduğu dövrdən, yəni 2017-ci ildən indiyədək ilk dəfə 45 dollar/barreldən aşağı düşdü. İclasın nəticəsiz başa çatması qlobal bazarda neft tədarükü bolluğu riskinin artmasına səbəb olur, o cümlədən yeni koronovirus (COVID-19) xam neft tələbatına mənfi təsir göstərməkdə davam edir. OPEC isə yaxın həftələrdə Rusiya ilə məsləhətləşmələrin yenidən aparılacağına ümidvardır.

"OPEC+” nazirlərinin üçgünlük toplantısı nəticə vermədi

Vyana məsləhətləşmələrinin ilk günü - martın 4-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 18-ci iclasında neft hasilatının daha da azaldılması məsələsində Rusiyanı razı salmaq mümkün olmadı. Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi OPEC ölkələri isə neft hasilatını əlavə olaraq gündəlik 1-1,5 milyon barrelə qədər azaltmaq tərəfdarı idi.

Martın 5-də OPEC Nazirlər Şurasının 178-ci iclasında "Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində keçən ilin dekabrında gündəlik neft hasilatının daha da azaldılmasından ötən müddətdə qlobal bazarda baş verən dəyişikliklər, tələb-təklif tarazlığının mövcud vəziyyəti, ilin əvvəlindən neftin qiymətindəki kəskin ucuzlaşma, koronavirusun enerji bazarına təsirləri və bununla bağlı atılacaq addımlar əsas müzakirə mövzusu oldu. OPEC-ə üzv 14 ölkənin enerji və neft nazirlərinin iştirak etdiyi iclasda kartel üzvləri neft hasilatının sutkada daha 1,5 milyon barrel azaldılmasına razılıq verdilər. OPEC üzvləri əvvəlcə kartel üzrə neft hasilatının sutkada 1 milyon barrel, qeyri-OPEC üzrə isə gündəlik 0,5 milyon barrel azaldılmasını, bu istehsal məhdudiyyətinin iyunun 30-dək qüvvədə olmasını qərarlaşdırdılar. Lakin nazirlərin daha sonra keçirdiyi qeyri-rəsmi görüşdə "OPEC+” üzrə hasilat məhdudiyyəti sutkalıq 1,5 milyon barrel dərinləşdirilməklə sazişin müddətinin ilin sonuna qədər uzadılması razılaşdırıldı.

"OPEC+” nazirlərinin martın 6-da keçirilən 8-ci görüşündə OPEC neft hasilatına dair məhdudiyyətin dərinləşdirilməsini və mövcud sazişin müddətinin uzadılmasını təklif etdi. Lakin Rusiya və Qazaxıstan hasilatın əlavə olaraq azaldılması təklifini qəbul etmədilər. Beləliklə, nazirlər neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılığa gələ bilmədilər və bu, neftin qiymətinə dərhal öz təsirini göstərdi. Vyanadan gələn xəbərlər fonunda qiymət həmin gün 10 faizədək ucuzlaşdı.

"OPEC+” nazirləri istənilən vaxt əməkdaşlıq üçün toplaşa biləcəklər

Rusiya sazişdən çıxmayıb və nazirlər istənilən vaxt əməkdaşlıq üçün toplaşa biləcəklər. OPEC-in baş katibi Məhəmməd Barkindonun sözlərinə görə, kartel yeni həll yolları üçün səylərini davam etdirəcək.

İranın Neft naziri Bijən Namidar Zəncənə isə bildirib ki, yaxın həftələrdə yeni məsləhətləşmələr aparılacaq. Çünki bazarda neft hasilatına dair yeni ixtisarlarla bağlı qərara ehtiyac var və bu, Rusiyasız mümkün deyil.

Nazirin sözlərinə görə, danışıqların nəticəsiz qalmasının əsas səbəbi məhz bu idi. Bəzi OPEC üzvləri üçün qeyri-OPEC ölkələrinin təklif olunan dəyişikliklərdə iştirakı vacibdir. Buna görə də razılığa gəlmək mümkün olmadı.

Mövcud saziş qüvvədədir

2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə "OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edildi. Yeni "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi sutkada 27 min barrel müəyyən olundu. Bu ilin yanvarından etibarən Azərbaycan neft hasilatını martın sonunadək 769 min barrel həcmində saxlamalıdır.

Hazırda "OPEC+” üzrə istehsal məhdudiyyəti gündəlik 2,1 milyon barreldir. Buraya Səudiyyə Ərəbistanı tərəfindən edilən könüllü məhdudiyyətlər də daxildir. Lakin bu həcm koronavirusun yayılması səbəbindən bazarda yaranan qeyri-müəyyənliyi, tədarük bolluğunu kompensasiya etməyə kifayət etmir.

Razılaşmanın müddəti martın 31-də başa çatacaq. Əgər o vaxta kimi hər hansı bir razılıq əldə edilməsə, iştirakçılar istehsala heç bir məhdudiyyət tətbiq etməyəcək.

Rusiyanın Energetika naziri Aleksandr Novak deyib ki, aprelin 1-dən etibarən ölkəsinin neft hasilatını azaltmaqla bağlı heç bir öhdəliyi olmayacaq. Bununla yanaşı, rusiyalı nazir bildirib ki, Rusiya OPEC-lə əməkdaşlıqdan imtina etmir və razılaşma üzrə fəaliyyətini davam etdirəcək.

Hələlik isə görünən odur ki, neft qiymətlərini dörd ilə yaxın müddətdə məqbul səviyyədə saxlamağa və onu 2016-cı ildəki 27 dollardan 2018-ci ildə 80 dollara qaldırmağa nail olan "OPEC+” koalisiyasının fikir ayrılığı neft bazarında yeni şok yaşadır. Analitiklərin fikrincə, "Brent” neftinin qiyməti 30-40 dollar/barrel səviyyəsinə düşə bilər.

Xəbər lenti

Çox oxunanlar