Xəzər Xəbər

Bernama agentliyi: Parlament seçkiləri Azərbaycanın demokratik inkişafına doğru növbəti addımdır

İqtisadiyyat | 18:45 • 11 Fevral 2020
Bernama agentliyi: Parlament seçkiləri Azərbaycanın demokratik inkişafına doğru növbəti addımdır

Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri ölkənin demokratik inkişafına doğru növbəti addımdır.


AZƏRTAC xəbər verir ki, bu fikir Malayziyanın aparıcı Bernama milli agentliyinin ölkəmizdə parlament seçkiləri ilə bağlı yaydığı növbəti məqalədə yer alıb.


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin seçkilərlə bağlı bəyanatı əsasında yazılan məqalədə qeyd edilir ki, seçkilər Azərbaycan Konstitusiyasına, Seçki Məcəlləsinə və ölkənin beynəlxalq öhdəliklərinə tamamilə uyğun şəkildə təşkil edilib. Vurğulanır ki, Azərbaycanın dəvəti ilə seçkiləri müşahidə edən beynəlxalq və yerli müşahidəçilərin qənaətinə görə seçkilər azad, demokratik və şəffaf keçirilib.


XİN-in açıqlamasından sitat gətirən agentlik yazır: "Parlament seçkilərində indiyədək qeydə alınmış ən yüksək sayda - 1314 namizəd mübarizə aparıb ki, bu da namizədlərin qeydiyyatı prosesinin əhatəli və ədalətli olduğunun, eləcə də rəqabətli seçki mühitinin göstəricisidir. Habelə builki seçkilər ötən seçkilərlə müqayisədə qadın namizədlərin sayının əhəmiyyətli dərəcədə artması, 19 siyasi partiyanın təmsil olunması ilə geniş plüralizmin təmin edilməsi kimi məqamlarla əlamətdar olub”.


Həmçinin qeyd edilir ki, Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin Ermənistanın təcavüzü nəticəsində ərazisi tamamilə, 3-nün isə qismən işğal edilmiş rayonlarda yerləşməsi səbəbindən həmin ərazilərdən didərgin salınmış məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından istifadə etmələri üçün ölkə boyu 523 seçki məntəqəsi yaradılıb.


Vurğulanır ki, Ermənistan dövlətinin işğalçı siyasəti nəticəsində Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazisinin 20 faizi zəbt olunub. Həmin rayonların hamısı beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi hesab olunur.

Xəbər lenti