Xəzər Xəbər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hesabat verdi

İqtisadiyyat | 09:03 • 25 Yanvar 2020
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hesabat verdi

Yanvarın 24-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib.


Komitədən xezerxeber.az-a bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sistemli çoxşaxəli islahatlar sayəsində ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edildiyini vurğulayıb.


Qeyd edilib ki, mərkəzində Azərbaycan vətəndaşı və onun mənafeləri dayanan dövlət siyasətinin reallaşdırılması idarəçiliyin səmərəliliyinin artırılmasına, iqtisadiyyatın bütün sektorlarında əhəmiyyətli irəliləyişə, əhalinin rifah halının yaxşılaşdırılmasına və ölkədə həyat keyfiyyətinin yüksəlməsinə xidmət edib. Bir çox digər sektorlarda olduğu kimi, xüsusi sosial-iqtisadi əhəmiyyətə malik olan şəhərsalma və tikinti fəaliyyətinin təşkilində də hesabat dövründə ciddi islahatlar həyata keçirilib, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, sahibkarlığın inkişafına xidmət edən mühüm layihələrin icrası davam etdirilib. Prezidentin "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 1 avqust tarixli Fərmanına və şəhərsalma proseslərini planlı, sistemli və şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun təşkil etmək, bu sahədə dövlət nəzarətini gücləndirmək məqsədilə qəbul etdiyi digər qərarlara əsasən, komitənin bununla əlaqədar məsuliyyəti artırıb, yeni fəaliyyət istiqamətləri üzrə işi 2019-cu ildə də uğurla yerinə yetirib.


A.Quliyev vurğulayıb ki, komitənin mütəxəssisləri tərəfindən hesabat ilində tikinti sifarişçiləri ilə aparılan maarifləndirmə işi və qurulmuş qarşılıqlı əməkdaşlıq nəticəsində hazırlanan və baxılması üçün komitəyə təqdim olunan yeni layihələrin keyfiyyətində, onların şəhərsalma qanunvericiliyinin tələblərinə və müvafiq normalara cavab verməsi baxımından müsbət dinamika müşahidə olunur. Genişləndirilmiş səlahiyyətləri çərçivəsində komitənin sərəncamları ilə 2019-cu il ərzində təsdiq olunmuş və ölkə üzrə tikintiyə icazələrin verilməsi üçün əsas olan 371 şəhərsalma əsaslandırılması ilə inşası nəzərdə tutulan tikinti obyektlərinin yerüstü mərtəbələrinin ümumi sahəsi 4 milyon 647 min 211 kvadratmetrdir ki, bu sahənin 2 milyon 520 min 808 kvadratmetr hissəsini mənzillər təşkil edəcək. Eyni zamanda, hesabat dövründə Komitə tərəfindən Bakı şəhərində ümumi sahəsi təqribən 1 milyon kvadratmetr təşkil edən tikinti obyektlərinin inşasına icazələr verilib. Bununla yanaşı, hesabat ilində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri üzrə ümumi sahəsi 10 milyon 397 min 148 kvadratmetr təşkil edən tikinti obyektlərinin istismarına icazə verilib ki, bu sahənin 7 milyon 154 min 15 kvadratmetr hissəsi mənzillərin payına düşür. Bunlardan ümumi sahəsi 9 milyon 532 min 857 kvadratmetr, mənzillərin sahəsi isə 6 milyon 736 min 933 kvadratmetr təşkil edən yaşayış binalarının istismarına icazə Azərbaycan Respublikası Prezidentinin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanına uyğun olaraq verilib.


Komitə sədri qeyd edib ki, ötən illər ərzində bəzi çoxmənzilli yaşayış binalarının tikintisinin şəhərsalma qanunvericiliyinin tələblərinə tam riayət olunmadan aparılması səbəbindən həmin binaların rəsmiləşdirilməsində və sakinlərinin yaşadıqları mənzillər üzərində mülkiyyət hüquqlarının tanınmasında olan çətinlikləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin imzaladığı bu inqilabi fərman ölkə vətəndaşlarının hüquq və maraqlarının hər şeydən üstün olduğunu bir daha nümayiş etdirib. Fərmanla bir sıra dövlət qurumlarının vəzifələri müəyyənləşdirilib, belə binaların istismarına icazə prosedurunun və müddətinin optimallaşdırılması, bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə tapşırıqlar verilib. Sözügedən fərman çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən belə binaların dayanıqlığı və təhlükəsizliyi ilə bağlı təqdim olunmuş müsbət rəylər əsasında Bakı şəhəri üzrə komitə tərəfindən, ölkənin digər şəhərləri üzrə isə aidiyyəti yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş istismara icazələr əsasında ümumilikdə 74 min 46 ailənin mənzil üzərində mülkiyyət hüquqlarının təsdiq olunması mümkün olacaq.


A.Quliyev çıxışında dövlətimizin başçısının tikintiyə və istismara icazə prosedurunun rəqəmsallaşdıraraq sadələşdirilməsi, sahibkarlar üçün rahat və şəffaf olması ilə bağlı Komitə qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində 2019-cu ildə görülmüş işlərə də toxunub.


Bildirilib ki, dövlət başçısının "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli Fərmanına əsasən, Bakı şəhəri üzrə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün "bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən elektron müraciət sistemi hazırlanaraq istifadəyə verilib. Məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, şəffaflığın və istifadədə rahatlığın təmin edilməsinə hədəflənən "Bir pəncərə” sisteminə hesabat dövründə onlarla istifadəçinin elektron formada edilmiş müraciəti Komitənin mütəxəssisləri tərəfindən emal olunaraq elektron qaydada icazələr verilib. Sistem vasitəsilə Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə icazəni 15 iş günü müddətində, istismarına icazəni isə 10 gün müddətində əldə etmək mümkündür. Bu növ tikinti obyektləri üçün hər iki icazə pulsuzdur və sifarişçi tərəfindən hər hansı ödənişin edilməsi tələb olunmur. İstifadəyə verilmiş sistem ilkin mərhələdə yalnız Bakı şəhəri üzrə fəaliyyət göstərsə də, hesabat dövründə aparılmış təkmilləşdirilmə nəticəsində 2019-cu ilin sonuna ölkənin 56 yerli icra hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinin sistemə qoşulması təmin edilib, ölkənin digər şəhərlərində də elektron icazələrin verilməsi üçün şərait yaradılıb.


O da vurğulanıb ki, "Bir pəncərə” elektron sisteminin təkmilləşdirilməsi işi davam etdirilir və bir neçə gün öncə ekspertizası tələb olunan obyektlərin də istismarına icazələrin portal vasitəsilə verilməsinə test rejimində başlanılıb. Şəffaflığın təmin edilməsi üçün icazə icraatında tələb olunan ödənişlərlə bağlı kalkulyator hazırlanaraq "birpencere.arxkom.gov.az” portalında yerləşdirilib, habelə icazə icraatında həyata keçiriləcək ödənişlər elektronlaşdırılıb. Perspektivdə bu növ obyektlərin həm də tikintisinə icazələrin portal vasitəsilə verilməsi planlaşdırılır.


Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və birbaşa nəzarəti ilə son illər ərzində paytaxt Bakı və ölkənin digər şəhərlərində böyük quruculuq və abadlaşdırma işləri aparılır, xalqın tarixi-memarlıq irsinin qorunmasına xüsusi diqqət ayrılır, şəhər infrastrukturu təkmilləşdirilir, yeni möhtəşəm binalar, parklar, yaşayış kompleksləri, biznes mərkəzləri istifadəyə verilir. Dövlətimizin başçısı tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında qoyulmuş əsas vəzifələrdən biri şəhərlərimizin gələcək səmərəli inkişafını təmin etmək məqsədilə şəhərsalmanın planlı və sistemli aparılması, əsas ərazi planlaşdırılması sənədlərinin aparıcı dünya təcrübəsi nəzərə alınaraq hazırlanmasıdır.


Bildirilib ki, komitə tərəfindən 2018-ci ildə əməkdaşlığa cəlb olunmuş "BCG” nüfuzlu beynəlxalq məsləhətçi şirkətinin dəstəyi ilə hazırlanmış Bakının İnkişaf Konsepsiyası əsasında şəhərin Baş Planının hazırlanması istiqamətində kompleks işlər 2019-cu ildə də qrafikə uyğun davam etdirilib. Keçirilmiş beynəlxalq tender vasitəsilə seçilmiş, qərargahı Almaniyada yerləşən tanınmış "AS+P” şəhərsalma şirkəti şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılmasına, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlərin görülməsinə başlayıb. Bakının Baş Planının hazırlanması prosesinin əlaqələndirilməsi məqsədilə komitə tərəfindən yaradılmış qurumlararası işçi qrupun hesabat dövründə keçirilmiş 4 geniş tərkibli iclası və 70-dək ikitərəfli görüşlər nəticəsində beynəlxalq və yerli ekspertlərin şəhərin gələcək inkişafının əsas prinsiplərinə dair irəli sürdüyü təşəbbüslər müzakirə edilib, paytaxtın əsas şəhərsalma yanaşmaları razılaşdırılıb. Bakı şəhərinin Baş Planının layihəsi üzərində işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.


Bununla yanaşı, qeyd olunub ki, komitə tərəfindən respublikanın digər şəhərlərinin Baş Planlarının və müfəssəl planlaşdırma layihələrinin işlənilməsi prosesi də davam edib. 2019-cu ildə Şəmkir, Göygöl, Xaçmaz, Salyan, Masallı, Tovuz, Quba və Biləsuvar şəhərlərinin Baş Planları Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Hazırda komitənin sifarişi əsasında Bakı ilə yanaşı hazırlanmasına 2018-ci və 2019-cu illərdə başlanılan daha 10 şəhərin (Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad, Kürdəmir, Goranboy, Gədəbəy, Astara və Gəncə) Baş planlarının hazırlanması işi müxtəlif mərhələlərdə davam etdirilir. Eyni zamanda, aidiyyəti yerli icra hakimiyyəti orqanlarının sifarişləri əsasında hazırlanan daha 10 şəhərin (Şəki, Qax, Ağsu, Yevlax, Sumqayıt, Ağstafa, Xırdalan, Şamaxı, Mingəçevir, Salyan) ərazilərini əhatə edən müfəssəl plan layihələri hesabat dövründə Komitədə təhlil edilib, bir hissəsi ilə bağlı rəylər bildirilib.


A.Quliyev, həmçinin şəhərsalma qanunvericiliyinin tələblərinə cavab verməyən tikintilərlə mübarizə sahəsində görülmüş işlər, Komitənin bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə əməkdaşlığı mövzusuna da toxunub. Deyib ki, keçən il komitə tərəfindən səyyar və kameral qaydada 15 şəhər və rayonda ümumilikdə 1866 tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmada nöqsanlar qeydə alınıb, onların aradan qaldırılması məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər ünvanlanıb. Bununla yanaşı, Tikintilərin Dövlət reyestrinin aparılması qaydalarının pozulmasına, yəni tikintiyə və istismara verilmiş icazələr barədə məlumatların qanunla müəyyən edilmiş müddətdə komitəyə təqdim edilmədiyinə görə 22 şəhər və rayon üzrə ümumilikdə 255 inzibati xəta ilə bağlı protokollar tərtib olunub.


Daha sonra Komitənin Aparatının vəzifəli şəxsləri 2019-cu ildə aidiyyəti sahələr üzrə fəaliyyətə dair hesabat məruzələri ilə çıxış ediblər.


İclas çərçivəsində komitə tərəfindən hazırlanmış 3 texniki normativ hüquqi akt layihəsi müzakirəyə çıxarılaraq kollegiyanın qərarı ilə təsdiq olunub.

Xəbər lenti