Xəzər Xəbər

ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb Vüsal Qasımlı

İqtisadiyyat | 15:08 • 26 Dekabr 2019
ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasının İcra Katibliyində mətbuat konfransı keçirib.

XəzərXəbər xəbər verir ki, Vüsal Qasımlı bildirib ki, 2019-cu ildə Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) artımı son beş ildə ilk dəfə 2 faizi ötüb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub: "Biznes islahatları təklifi, inqilabi sosial paket tələbi, idarəetmə islahatları institutlarının səmərəliliyini çoxaltmaqla, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayənin böyüməsi şəraitində iqtisadi artım sürətlənir. 2019-cu ilin ilk 11 ayında iqtisadiyyatın əsas drayverləri üzrə artım qeyri-neft sənayesində 13,9 faiz, bitkiçilikdə 11,3 faiz, informasiya və rabitə xidmətlərində 15,9 faiz və turizmdə (turistlərin say artımı) 11,1 faiz olub. İqtisadi artımın 2020-ci ildə son altı ildə ilk dəfə olaraq 3 faizə çatması, 2021-ci ildə 3,7 faiz, 2022-ci ildə 3,1 faiz və 2023-cü ildə 3,2 faiz olmasını proqnozlaşdırmağa əsas yaradır. Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın orta hesabla 2019-cu ildə 1,3 faiz, 2020-ci ildə isə 2,5 faiz (qeyri-neft ixrac çəkili) olacağı proqnozu və neftin qiymətinin makroiqtisadi proqnozlarda nəzərdə tutulduğundan artıq olması da aparılan islahatlarla birlikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək”.

Mərkəz rəhbərinin sözlərinə görə, bu ilin ilk 11 ayında dövlət büdcəsinin profisiti 957 milyon manata çatıb, ticarət balansında 6 milyard ABŞ dolları müsbət saldo yaranıb: "Strateji valyuta ehtiyatları 50 milyard dollara çatmaqla 37 aylıq mal və xidmət idxalına kifayət edir və xarici borcu altı dəfə üstələyir. 2019-cu ildə inflyasiya 2,6 faiz olmaqla illik hədəfdən az olub. Bu il manat türk lirəsinə, avroya, gürcü larisinə qarşı bahalaşıb, Ukrayna qrivnası, Rusiya rublu və yapon yeninə qarşı isə ucuzlaşıb, ən əsası ABŞ dolları ilə məzənnəsini sabit saxlayıb. Manatın real effektiv məzənnəsinin ucuzlaşması isə qeyri-neft ixracını stimullaşdırıb. Qeyri-neft ixracı 16 faiz artıb”.

Xəbər lenti