Xəzər Xəbər

Vüsal Qasımlı: "Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir"

İqtisadiyyat | 11:46 • 26 Dekabr 2019
 Vüsal Qasımlı: "Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir"

Bu il Azərbaycanda ÜDM-in artımı son beş ildə ilk dəfə 2%-i ötüb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5%, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub.


Bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair keçirdiyi mətbuat konfransında məlumat verib.


O qeyd edib ki, biznes islahatları təklifi, inqilabi sosial paket tələbi, idarəetmə islahatları institutların səmərəliliyini çoxaltmaqla, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayənin böyüməsi şəraitində iqtisadi artım sürətlənir. 2019-cu ilin ilk 11 ayında iqtisadiyyatın əsas drayverləri üzrə artım qeyri-neft sənayesində 13,9%, bitkiçilikdə 11,3%, informasiya və rabitə xidmətlərində 15,9% və turizmdə (turistlərin say artımı) 11,1% olub. İqtisadi artımın 2020-ci ildə son altı ildə ilk dəfə olaraq 3%-ə çatması, 2021-ci ildə 3,7%, 2022-ci ildə 3,1% və 2023-cü ildə 3,2% olması proqnozlaşdırılır.


"Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın orta hesabla 2019-cu ildə 1,3%, 2020-ci ildə isə 2,5% (qeyri-neft ixrac çəkili) olacağı proqnozu və neftin qiymətinin makroiqtisadi proqnozlarda nəzərdə tutulduğundan artıq olması da aparılan islahatlarla birlikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək”, - deyə V. Qasımlı bildirib.


Onun sözlərinə görə, bu ilin ilk 11 ayında dövlət büdcəsinin profisiti 957 mln. manata çatıb, ticarət balansında 6 mlrd. ABŞ dolları müsbət saldo yaranıb. Strateji valyuta ehtiyatları 50 mlrd. dollara çatmaqla 37 aylıq mal və xidmət idxalına kifayət edir və xarici borcu altı dəfə üstələyir. 2019-cu ildə inflyasiya 2,6% olmaqla illik hədəfdən az olub. Bu il manat türk lirəsinə, avroya, gürcü larisinə qarşı bahalaşıb, Ukrayna qrivnası, Rusiya rublu və yapon yeninə qarşı isə ucuzlaşıb, ən əsası ABŞ dolları ilə məzənnəsini sabit saxlayıb. Manatın real effektiv məzənnənin ucuzlaşması isə qeyri-neft ixracını stimullaşdırıb. Qeyri-neft ixracı 16% artıb.


V. Qasımlı onu da xatırladıb ki, vergi-gömrük islahatları və "kölgə iqtisadiyyatı” ilə mübarizə nəticəsində dövlət büdcəsinə 2019-cu il ərzində 1 mlrd. manat proqnozdan əlavə vəsait daxil olub: "Dövlət büdcəsinin artan imkanları hesabına həyata keçirilən sosial islahat paketi 4,2 mln. nəfəri əhatə etməklə 2,3 mlrd. manata başa gəlib”.


V. Qasımlının əlavə edib ki, bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb: "Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6%-lik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Bankların kredit qoyuluşu 11% artıb”. (APA)

Xəbər lenti