Xəzər Xəbər

Şəhərsalma və Arxitektura Komitəsində tanınmış memarın tələbələrlə görüşü təşkil edilib

İqtisadiyyat | 15:55 • 4 Dekabr 2019
Şəhərsalma və Arxitektura Komitəsində tanınmış memarın tələbələrlə görüşü təşkil edilib

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkədə yeni nəsil memarların yetişdirilməsinə və onların şəhərsalma sahəsində mütəxəssis kimi formalaşmasına daim dəstək göstərir, bu məqsədlə silsilə layihələri reallaşdırmaqda davam edir. Komitə tərəfindən təşkil olunmuş növbəti tədbir nüfuzlu memar Anton Xmelnitskinin Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşü olub.


Komitədən xezerxeber.az-a bildirilib ki, məşhur memar Norman Fosterin təsisçisi olduğu "Foster and Partners” şirkətinin tərəfdaşı, "Architects of Invention” memarlıq bürosunun təsisçisi və büronun London ofisinin rəhbəri olan A.Xmelnitski bir sıra tanınmış layihələrin reallaşmasına rəhbərlik edib. Memar Londonda mötəbər layihələrdə, o cümlədən London İqlim Dəyişikliyi Agentliyinin mənzil-qərargahı olan "Palestra” adlı müasir binanın layihələndirilməsində, "Victoria house” adlı tarixi binanın yenidən qurulmasında yaxından iştirak edib, Moskvada "Zaryadye” parkının Baş planının hazırlanması və "Qırmızı oktyabr” ictimai-mədəni məkanının yenidənqurulması kimi əhəmiyyətli layihələrin həmmüəllifi olub.


Memarın tələbələrlə master-klass formatında keçirilmiş bu görüşünün əsas məqsədi gənclərə şəhərsalma elminin praktiki əhəmiyyəti, urbanizmdə və şəhər mühitinin yaradılmasında müasir yanaşmalar barədə dünya təcrübəsi nümunələrindən məlumat verməkdir. Tələbələr tərəfindən böyük maraqla qarşılanan mühazirə çərçivəsində şəhər planlamasının vacibliyini vurğulayan A.Xmeltnitski İspanyanın Bilbao şəhərinin keçdiyi inkişaf yolunu nümunə göstərib. Memarın təqdimatı bir zamanlar iqtisadi tənəzzülə uğramış Bilbaonun müasir şəhərə çevrilməsi prosesini əhatə edib. Bildirilib ki, 1983-cü ildə baş vermiş daşqın nəticəsində Bilbaonun iqtisadiyyatına güclü zərbə dəyib və şəhərin gələcək inkişafını təmin etmək məqsədilə Baş plan hazırlanıb. Məhz Baş planda nəzərdə tutulmuş genişmiqyaslı layihələrin davamlı və sistemli şəkildə həyata keçirilməsi nəticəsində şəhər yenidən dirçəlib, geniş ictimai məkanlar, yaşıllıq sahələri yaradılıb, sosial-mədəni və infrastruktur obyektləri tikilib, iş yerləri təşkil edilib. Eyni zamanda, Bilbao şəhərinin ötən onilliklər ərzində qarşılaşdığı çağırışlar və keçdiyi inkişaf yolu barədə mühazirədə Bakı şəhəri ilə kəsişən xüsusiyyətlərinin təsvir olunmasına xüsusi yer ayrılıb.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi fəaliyyət sahəsinə uyğun mütəxəssislərin yetişdirilməsi və peşəkarlaşması məsələsinə xüsusi əhəmiyyət verir. Komitə memarlıq və şəhərsalma üzrə ixtisaslaşan gənclərin həvəsləndirilməsi və maarifləndirilməsinə xidmət edən bu növ layihələrin reallaşdırılmasını bundan sonra da davam etdirəcək.

Xəbər lenti