Xəzər Xəbər

Dövlət büdcəsinin qeyri-neft sahələrindən gəlirləri 20,6 faiz artıb

İqtisadiyyat | 17:32 • 30 Avqust 2019
Dövlət büdcəsinin qeyri-neft sahələrindən gəlirləri 20,6 faiz artıb

Cari ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyi üzrə müəyyən edilmiş 7 milyard 316 milyon manat məbləğində illik və 3 milyard 339,4 milyon manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 49,7 faiz və 108,8 faiz səviyyəsində icra olunaraq 3 milyard 632,8 milyon manat təşkil edib.


AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.


O bildirib ki, Dövlət Gömrük Komitəsi üzrə müəyyən edilmiş 3 milyard 702 milyon manat məbləğində illik və 1 milyard 912,1 milyon manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 55,8 faiz və 108 faiz səviyyəsində icra olunaraq 2 milyard 065,2 milyon manat, qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə müəyyən edilmiş 684,4 milyon manat məbləğində illik və 322,5 milyon manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 46,2 faiz və 98,1 faiz səviyyəsində icra olunaraq 316,3 milyon manat, Dövlət Neft Fondu üzrə isə müəyyən edilmiş 11 milyard 364,3 milyon manat məbləğində illik və 5 milyard 682,2 milyon manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 38,8 faiz və 77,7 faiz səviyyəsində icra olunaraq 4 milyard 413 milyon manat məbləğində vəsait dövlət büdcəsinə daxil olub.


Palata sədri qeyd edib ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri üzrə ümumi proqnozun icrasında 7,2 faiz səviyyəsində kəsirin yaranması əsasən Dövlət Neft Fondundan daxilolmalar üzrə proqnozun 77,7 faiz səviyyəsində və ya 1 milyard 269,2 milyon manat az yerinə yetirilməsi ilə əlaqədardır. Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən Vergilər Nazirliyi xətti ilə təmin olunan gəlirlərin həcmində əvvəlki illə müqayisədə artımların əldə olunması qeyri-neft sahələrindən daxilolmaların hesabına mümkün olub. Vergilər Nazirliyinin xətti ilə dövlət vergilərinin cari il üzrə müəyyən edilmiş proqnoz göstəricilərinə qarşı icrası istər ümumilikdə, istərsə də əsasən bütün vergi növləri səviyyəsində artıqlaması ilə icra olunub, mədən vergisi və Azərbaycan ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) yanacağa yol vergisi müəyyən kəsirlərlə yerinə yetirilib. Hesabat dövründə Vergilər Nazirliyi xətti ilə büdcə gəlirlərinin 69,1 faizi qeyri-neft, 30,9 faizi isə neft sahələrindən yığımların payına düşüb ki, bu da əvvəlki ilin birinci yarımilliyi ilə müqayisədə xüsusi çəkilərin faiz nisbətini 3,9 faiz bəndi qeyri-neft sektorundan daxilolmaların xeyrinə dəyişib.


Yanvar-iyun ayları ərzində büdcə daxilolmalarının həcmi neft sektoru üzrə 1 milyard 121,8 milyon manat, qeyri-neft sektoru üzrə isə 2 milyard 511 milyon manat təşkil etməklə əvvəlki ilin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq 56 milyon manat və ya 4,8 faiz azalıb və 306,2 milyon manat və ya 13,9 faiz artıb. Ümumilikdə, dövlət büdcəsinin neft sahələrindən gəlirləri 2019-cu ilin birinci yarımilliyində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 251 milyon manat və ya 4,3 faiz azalaraq 5 milyard 534,8 milyon manata enib, qeyri-neft sahələrindən gəlirləri isə 841,1 milyon manat və ya 20,6 faiz artaraq 4 milyard 915,7 milyon manatadək yüksəlib.

Xəbər lenti