Xəzər Xəbər

Hamının gözü saat 22:00-a DİKİLDİ Bu gün dollarla bağlı MÜHÜM QƏRAR VERİLƏCƏK

İqtisadiyyat | 13:50 • 31 İyul 2019
Hamının gözü saat 22:00-a DİKİLDİ

Bu gün Bakı vaxtı ilə saat 22:00-23:00 arası ABŞ-da FES faiz qərarını açıqlayacaq, çox güman uçot dərəcəsi 0,25 faiz aşağı çəkiləcək, bu da dünyada ticarət müharibələri ilə yanaşı valyuta müharibələrini də qızışdıracaq.

Bu sözləri Axar.az-a FES-in bu gün gözlənilən faiz dərəcələri ilə bağlı açıqlaması haqında danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, FES-dən sonra dünyanın aparıcı ölkələri də uçot dərəcəsini aşağı çəkəcəklər ki, dollar qarşısında valyutaları bahalaşmasın:

"Dünyada ticarət müharibələri ilə yanaşı, valyuta müharibələrinin də getməsi fonunda ixracatı yüksək olan ölkələr milli valyutasının dəyər qazanmasını istəmir. Son zamanlar FES-in faiz artırmaları digər valyutalar qarşısında dolların bahalaşamasına səbəb olmuşdu. 3 il əvvəl 1 avro 1.4 dollar idisə, bu gün 1 avro 1.12 dollardır. Bu bahalaşma isə ABŞ-ın ixracat potensialına zərbə vurur. Trampın yeni FES rəhbəri ilə görüşü keçirildi və görüşdən gözlənti ondan ibarət idi ki, faiz dərəcələri 0,25 faiz aşağı salınacaq. Bu, həm dolların dünyada bahalaşmasının qarşısını alacaq, həm də avro, yapon yeni, İsveçrə frankı, Britaniya funt-sterlinqi qarşısında ucuzlaşmasına səbəb olacaq və nəticədə iqtisadiyyatın stimullaşdırılmasına gətirib çıxaracaq”.

İqtisadçı hesab edir ki, bütün bunlar dünyada gedən valyuta müharibələrinin tərkib hissəsidir:

"Düşünürəm ki, FES bu həftə faiz dərəcələrini aşağı salacaq. Fikir ayrılığı 0,25, yoxsa 0,50 faiz ucuzlaşma ilə bağlıdır. Faiz dərəcəsinin 0,50 faiz ucuzlaşması daha radikal olar. Buna görə də uçot dərəcəsinin 0,25 faiz aşağı salınacağı proqnozu daha yüksəkdir. Çünki 0,50 faiz ucuzlaşma bəzi problemlərə yol aça bilər. Digər tərəfdən, Çinin, Britaniyanın, Avropa Birliyinin mərkəzi bankları da buna paralel olaraq faiz dərəcələrini aşağı sala bilərlər”.

Ekspert uçot dərəcəsinin aşağı salınacağı ilə bağlı qərarın Azərbaycana ciddi təsirinin olmayacağını bildirib:

"Uçot dərəcəsinin aşağı enməsinin Azərbaycana birbaşa təsiri yoxdur. Çünki manat üçün tənzimlənən məzənnə rejimi tətbiq olunur. Artıq iki ildir ki, manat dollar qarşısında sabit məzənnəsini qoruyub saxlaya bilir. Əslində bazar iqtisadiyyatı qaydalarına və "üzən məzənnə” rejiminə uyğun olsaydı, qonşu ölkələrin milli valyutalarının məzənnələrində dəyişikliklərin təsirlərindən oynamalar müşahidə olunmalı idi. Ən azından larinin, rublun ucuzlaşması manata təsirsiz ötüşməməli idi. Amma hazırda təsir etmir, bu da o deməkdir ki, tənzimlənən məzənnə rejimi aktivdir. Buna görə də birbaşa heç bir təsiri gözlənilmir, amma dolayı təsirləri ola bilər”.

Qeyd edək ki, 2008-ci il 16 dekabrda ABŞ-da uçot dərəcəsi rekord şəkildə aşağı salınaraq 0-0,25 faiz həddində müəyyən olundu və 7 il ərzində dəyişməz qaldı. 2015-ci ilin dekabr ayında ABŞ-da işsizlik səviyyəsinin 2008-ci ilin fevralından ən aşağı səviyyəyə (5 faiz) düşməsi fonunda FES ilk dəfə olaraq uçot dərəcəsini 0,25-0,5 faizə kimi artırdı.

2018 ildə isə tənzimləyici qurum 4 dəfə uçot dərəcəsini artırıb: 21 martda – 1,5-1,75 faizə, 13 iyunda – 1,75-2 faizə, 26 sentyabrda – 2-2,25 faizə və 19 dekabrda – 2,25-2,5 faizə qədər artım etmişdi.

FES sonuncu dəfə iyunun 20-də uçot dərəcəsinin 2,25-2,5 faiz səviyyəsində saxlanılmasına qərar vermişdi.

Rubrikanın digər xəbərləri

Xəbər lenti