Xəzər Xəbər

Binəqədi rayonunda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

İqtisadiyyat | 14:00 • 19 İyul 2019
Binəqədi rayonunda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinə paytaxtın Binəqədi rayonunda Yəhya Hüseynov küçəsi, ev 98 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qəmbərov Ələkbər Zaid oğluna məxsus çörək istehsalı sexinin antisanitar şəraitdə fəaliyyət göstərməsi barədə şikayət daxil olub.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, həmin ünvanda aparılan monitorinq zamanı şikayət öz təsdiqini tapıb.
Qanunsuz fəaliyyət göstərən çörək sexinə ilkin baxış keçirilərkən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Baxış zamanı müəyyən edilib ki, sexdə istifadə olunan xammalların mənşəyi məlum deyil, eləcə də temperatur rejimi gözlənilmədən saxlanılır, hazır məhsullar laborator analizlərdən keçirilmir və dezinfeksiya işləri aparılmadığından istehsal sahəsində gəmiricilər mövcuddur.
Müəssisədə ilkin emal və soyutma sahəsi olmadığından unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, çörəklərin açıq hava şəraitində rəflərə yığıldığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Xəbər lenti