Xəzər Xəbər

Vergilər Nazirliyi: "Kölgə iqtisadiyyatı"nın azaldılması qeyri-neft sektorundan vergi daxilolmalarını artırıb

İqtisadiyyat | 15:48 • 8 İyul 2019
Vergilər Nazirliyi: "Kölgə iqtisadiyyatı"nın azaldılması qeyri-neft sektorundan vergi daxilolmalarını artırıb

Dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi, "kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunan nəticələr qeyri-neft sektorundan vergi daxilolmalarının artımına gətirib. Xüsusilə də özəl sektorun vergi daxilolmalarında xüsusi çəkisinin yüksəlməsi müşahidə olunmaqdadır. Bununla yanaşı, 2019-cu ilin yanvar-may aylarında qeyri-neft sektorunun dövriyyələrində, habelə ƏDV-yə cəlb olunan və elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrdə artım dinamikasının yüksəlməsi iqtisadiyyatda şəffaflaşma proseslərinin sürətlənməsini təsdiq edir.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Vergilər Nazirliyinin yaydığı məlumatda deyilir.


Məlumata əsasən, 2019-cu ilin ilk beş ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyələr 8% artıb. ƏDV dövriyyəsində artım isə 9,6% təşkil edir. Ticarət və ictimai iaşə sektoru daha yüksək artım göstəriciləri nümayiş etdirir. Topdansatış ticarət sektorunda dövriyyə 18,4%, o cümlədən ƏDV dövriyyəsi 24,6% artıb. Pərakəndə ticarət sektorunda dövriyyə daha yüksək templə - 37,3%, o cümlədən ƏDV dövriyyəsi 38,2% artıb. İctimai iaşənin dövriyyəsində isə artım 20,6% təşkil edir.


Şəffaflaşmanı əks etdirən daha bir mühüm indikator e-qaimə ilə rəsmiləşən dövriyyələrin artımıdır. 2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 59,5%-dən 65,7%-ə yüksəlib. Qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artan məbləğinin 81,3%-i ticarət və sənayenin payına düşüb.


"2019-cu ilin yanvar-may aylarında istehsal və topdansatış ticarətin toplam dövriyyəsi 16,3%, o cümlədən sektorlar üzrə elektron qaimə-faktura ilə rəsmiləşən toplam dövriyyə 38,3% artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyə 43,7%, istehsalda isə 30,1% artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi ticarət dövriyyəsində xüsusi çəkisi 68,9%-dən 83,6%-ə, istehsalda isə 65,7%-dən 75,4%-ə yüksəlib”, - məlumatda qeyd olunub.


Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artım tempi həm topdansatış ticarətdə, həm də pərakəndə ticarətdə 43,7% çatıb. Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin həcmində ən yüksək artım templəri kənd təsərrüfatında (91,8%), ticarətdə (43,7%), rabitədə (24,2%), sənayedə (16,9 %) və digər fəaliyyət sahələrində (29,9%) müşahidə olunur. Bütün fəaliyyət sahələrində elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisinin artması qeydə alınıb.


Şəffaflaşma baxımından müsbət proseslərdən biri də pərakəndə ticarətdə və ictimai iaşədə əldə edilən elektron qaimə-fakturaların dəyərinin, müvafiq olaraq, 70,1 % və 56,3% artmasıdır.

Xəbər lenti