Xəzər Xəbər

Azərbaycan Aİ ölkələrinə 15 milyardlıq sərmayə qoyub

İqtisadiyyat | 15:58 • 13 İyun 2019
Azərbaycan Aİ ölkələrinə 15 milyardlıq sərmayə qoyub

Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşıdır

"Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına 30 milyard dollardan çox sərmayə yatırılıb”.

Bunu İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən 5-ci Aİ-Azərbaycan Biznes Forumunda çıxışı zamanı deyib.

Şahin Mustafayev qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr uğurla inkişaf edir. Bu əlaqələr bir sıra istiqamətlərdə, iqtisadi, siyasi, energentika sahəaində mövcud münaaibətlər daha da inkişaf etdirilir: "Aİ ölkələri tərəfindən Azərbaycana 33 milyard dollardan çox sərmayə yatırılıb. Azərbaycanın investisiya imkanları yüksəkdir. Azərbaycan da öz növbəsində Aİ ölkələrinin iqtisadiyyatına 15 milyard dollardan çox yatırım edib. Avropa İttifaqı ölkələri şirkətlərinin sayı ilbəil artır. Bu gün Azərbaycanda Aİ üzv ölkələrə məxsus 1600-ə yaxın şirkət fəaliyyət göstərir. Bu kifayət qədər yaxşı rəqəmdir. Eyni zamanda Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi sahəsində önəmli rol oynayır. Azərbaycanda cəlbedici biznes mühiti yaradılıb".

Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşıdır və Aİ-nın bu regionda ticarətinin 78 faizi ölkəmizin payına düşür: "Azərbaycan ticarət dövriyyəsinin 42 faizi Aİ ölkələrinin payına düşür. Ticarətin gücləndirilməsi üçün ciddi addımlar atılır. Ötən il Aİ ilə ticarət dövriyyəsində 30 faiz artım əldə etmişik. Əsas hədəfimiz ticarət strukturunu artırmaqdır".

İqtisadiyyat naziri vurğulayıb ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2019-cu ildə 3,3 faiz, beynəlxalq valyuta fondu isə 3,4 faiz artacağını proqnozlaşdırır. Ötən il Azərbaycan İqtisadiyyatına 8,2 milyard dollarlıq xarici investisiya olmaqla ümumilikdə 15,3 milyard dollarlıq sərmayə yatırılıb. Ümumilikdə Azərbaycan müstəqillik əldə etdiyi dövrdən bu günə qədər ölkə iqtisadiyyatına 263 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da 50 faizdən çoxu xarici investisiyadır".

Nazir vurğulayıb ki, Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələri gücləndirilir: "Texnologiyalar sahəsində yeni uğurlara imza atılır və informasiya əməkdaşlığı inkişaf etdirilir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas tərəfdaşlarından biridir. Belə ki, Avropa İttifaqı ölkələrinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycan əsas yer tutur”.

Xəbər lenti