Xəzər Xəbər

Çinli turistlər Azərbaycana böyük maraq göstərirlər

İqtisadiyyat | 17:38 • 15 May 2019
Çinli turistlər Azərbaycana böyük maraq göstərirlər

Ölkəmizin turizm potensialının genişmiqyaslı təbliği məqsədilə Azərbaycan nümayəndə heyəti bu gün Çinin Şanxay şəhərində işə başlayan "ITB China” beynəlxalq sərgisinə qatılıb.


Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizi sərgidə Heydər Əliyev Beynəlxalq Hava Limanı, Azərbaycan Hava Yolları, Bakı Konqres Mərkəzi, "Silkway Travel”, "Flame Travel”, "HIS”, "China Travel” və "Turizm.az” şirkətləri təmsil edirlər.


Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycanın ilk dəfə rəsmi olaraq təmsil olunduğu sərgidə Çin bazarı üçün ölkəmizin turizm potensialı ilə yanaşı, yeni turizm məhsulları da təqdim olunur.


"ITB China” Çinin səyahət sənayesinə yönəlmiş beynəlxalq sərgi olaraq dünya turizm sənayesinin çoxsaylı iştirakçılarını bir araya toplayaraq ölkələrə turizm imkanlarını Çin bazarına nümayiş etdirmək imkanı tanıyır. 84 ölkədən 800-dən çox şirkətin iştirak etdiyi sərgidə turizm sahəsində tətbiq oluna biləcək ən son innovasiya və informasiya texnologiyaları da təqdim edilir.


Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Çində fəaliyyət göstərən rəsmi turizm nümayəndəliyi tərəfindən Pekin, Şanxay və Qunaçjou kimi əsas böyük şəhərlərdə Azərbaycanın turizm potensialının tanıdılması üzrə aktiv iş aparılır.


Cari ilin yanvar ayında Azərbaycan Turizm Bürosu, Azərbaycan Hava Yolları və ÇXR-nin aparıcı turizm şirkəti olan "ETI-Holidays” arasında üçtərəfli anlaşma memorandumu, mart ayında isə "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.


İmzalanmış sənədlərə əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayının 200 min nəfərə çatacağı proqnozlaşdırılır.


Sərgidə iştirak edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biridir. O qeyd edib ki, aprel ayında Prezident İlham Əliyevin Çində keçirilən "Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirakı ikitərəfli əlaqələrin inkişaf tempindən və gələcək perspektivlərdən xəbər verir. Həmçinin Dövlət Turizm Agentliyi və ÇXR Mədəniyyət və Turizm Nazirliyi arasında imzalanmış anlaşma memorandumu turizm əlaqələrinin intensivləşdirilməsi istiqamətində atılan mühüm addımlardandır.


F.Zenqstşmid bildirib ki, Azərbaycanın yeni turizm strategiyasına uyğun olaraq hədəf ölkələrdən biri seçilən Çinin əsas şəhərlərində marketinq və təbliğat işləri aparılır və "ITB China” sərgisində iştirak bu prosesin tərkib hissəsidir.


"İlin ilk 4 ayı ərzində keçən illə müqayisədə çinli turistlərin sayında 50 faiz artım müşahidə olunub. İnanırıq ki, ilin sonunadək bu rəqəmlər daha da artacaq”, - deyə baş icraçı direktor əlavə edib.

Xəbər lenti