Xəzər Xəbər

Apreldə Azərbaycanın sutkalıq neft hasilatı 683 min barrel olub

İqtisadiyyat | 15:22 • 11 May 2019
Apreldə Azərbaycanın sutkalıq neft hasilatı 683 min barrel olub

Azərbaycanda aprel ayı üzrə gündəlik neft istehsalı 683 min barrel təşkil edib.


Energetika Nazirliyindən bildirilib ki, respublikada apreldə gündəlik neft hasilatı 683 min barrel olub, bunun 605 min barrelini xam neft, 78 min barrelini kondensat təşkil edib. Gündəlik 390 min barrel xam neft, 75 min barrel kondensat, 19 min barrel isə neft məhsulları ixrac olunub.


Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında orta gündəlik neft hasilatı 770 min barrel təşkil edib.


Energetika Nazirliyi mart ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.


Xatirladaq ki, ötən il dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. "Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulub.

Xəbər lenti