Xəzər Xəbər

Dünyada bir milyonadək bitki və heyvan növünün kökü kəsilmək üzrədir

İqtisadiyyat | 09:05 • 25 Aprel 2019
Dünyada bir milyonadək bitki və heyvan növünün kökü kəsilmək üzrədir

Dünyada ekoloji vəziyyətin getdikcə pisləşmə bitki və heyvan növlərinin sayının sürətlə azalmasına səbəb olur. BMT-nin hesabatına əsasən, yaxın onilliklərdə bir milyonadək bitki və heyvan növünün kökü kəsilə bilər.


BMT-nin Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Dövlətlərarası Platformasının (IPBES) hazırladığı hesabatda kənd təsərrüfatı, meşələrin qırılması, mədən sənayesi, intensiv balıqçılıq və ovçuluğun növ müxtəlifliyinə böyük zərbə vurduğu qeyd edilib. Hesabatda göstərilir ki, ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyinin də növlərin məhvində böyük payı var.


Ekspertlərin rəyinə görə, hazırda canlıların "kütləvi qırğını” baş verir. Canlıların kütləvi məhvi son 500 milyon ildə artıq beş dəfə baş verib. Budəfəki fəlakətdə isə insan əlinin izləri ön planda dayanır.


Gələn həftə Parisdə beynəlxalq konfrans çərçivəsində təqdim ediləcək hesabatın hazırlanmasında 50-dən artıq ölkədən 150-dən çox ekspert üç il ərzində çalışıb. Hesabat konfransda IPBES-ə qoşulan 130 ölkənin nümayəndələri tərəfindən müzakirə olunacaq və mayın 6-da rəsmi təqdimat mərasimi keçiriləcək. (AZƏRTAC)

Xəbər lenti