Xəzər Xəbər

Qaza qoyulan limitin ləğvi mümkündür - Ekspert iqtisadi əsasları açıqladı

İqtisadiyyat | 10:38 • 24 Aprel 2019
Qaza qoyulan limitin ləğvi mümkündür -

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) mavi qaza tətbiq edilən limitin ləğv edilməsi ilə bağlı müzakirə edilən məsələni araşdırıb. 

Xezerxeber.az xəbər verir ki, bu barədə mərkəzin rəhbəri Vüqar Bayramov məlumat paylaşıb. V. Bayramov həmçinin elektrik enerjisindən istifadəyə tətbiq edilən limitin dəyişdirilməsinin mümkünlüyünü də təhlil edildiyini vurğulayıb:

"Qeyd edək ki, Tarif Şurasının 28 noyabr 2016-cı il 18 saylı qərarına əsasən, illik istehlak həcminin 1500 m3 -dək (1500 m3 daxil) olan hissəsi üçün hər kub metri 10, illik istehlak həcminin 1500 m3 -dən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşib. 2017-ci ildən etibarən isə 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Hər il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanır, 2019-ci il yanvarın 1-dən etibarən də əhali istehlakçılarının illik istehlak həcmi 1 700 kubmetr (170 manat) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1 700 kubmetrdən (170 manat) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanmaqdadır. Monitorinqlər göstərir ki, güzəştli limit böyük olmadığı üçün xüsusən də mavi qazla işləyən istilik sistemindən istifadə edənlər bir neçə ayda sonra artırılmış qiymətlə ödəniş etmək məcburiyyətində qalırlar. Bu isə aztəminatlı ailələrinin büdcələri üçün əlavə xərc deməkdir.

Qazın limitinin ləğv edilməsi və limitsiz olaraq hər kubunun daha aşağı qiymətə, yəni 10 qəpiyə satılması mümkündürmü? Qiymətləndirmələrimiz göstərir ki, mavi qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var.

Əvvəla, Azərbaycanda mavi qaz hasılatının artması bu enerji növünün daha ucuz qiymətə təklif edilməsinə imkan yaradır. Ötən il həm ölkəmizin, həm də Dövlət Neft Şirkətinin (SOCAR) özünü hasil etdiyi mavi qazın həcmi artıb. Ölkəmizdə 30,490 min kub metr mavi qaz hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 7 faizə yaxın çoxdur. 2017-ci ildə Azərbaycanda 28,597 min kub metr mavi qaz hasil olunmuşdu. 2017-ci ildə 6,089 min kub metr mavi qaz hasil edən SOCAR ötən il bu göstəricini 6,525 min kub metrədək çatdıra bilib. Bu isə Dövlət Neft Şirkətinin istehsalını ötən il əvvəlki illə müqayisədə 6,7 faiz artırması deməkdir. Şahdənizin 2-ci fazasında və eləcə də Abşeron yatağından proqnozlaşdırılan mavi qaz hasilatını da nəzərə aldıqda növbəti illərdə də mavi qaz istehsalında artım davam edəcək və 2 ildən sonra əlavə olaraq daha 5 milyard kub metr mavi qaz hasil edə biləcəyik. Deməli, artan hasilat daha çox gəlir deməkdir və bu da limitlərin ləğvini mümkün edir. Hasilatın artması fonunda mavi qaz ilə bağlı limitinin ləğvi üçün iqtisadi əsaslar formalaşır.

İkincisi, Dövlət Neft Şirkəti BP-dən səmt qazı almaqda davam edir. 2018-ci ildə AÇG çərçivəsində SOCAR-a 2,3 milyard kubmetr səmt qazı alıb. Səmt qazının əsasən daxili istehlak üçün istifadə ediliyini nəzərə alsaq, bu əhali üçün satdığı qaz limitinə aradan qaldırmağa imkan yaradır.

Üçüncüsü, manatın məzənnəsinin 2017-ci ilin fevralından sonra stabil qalması SOCAR üçün valyuta riski problemini aradan qaldırıb. Belə ki, Dövlət Neft Şirkəti əhaliyə satdığı qazın bir hissəsini BP-dən xarici valyuta ilə alır. 2016-cı ilin noyabrında, limitlər müəyyənləşdirilən zaman, manatın məzənnəsi stabil deyildi və bu şirkətə xərcini planlaşdırmaqda çətinlik yaradırdı. Amma indi kurs stabil olduğundan proqnozlaşdırılmayan məzənnə xərci yoxdur və bu da limitlərin ləğv edilməsinə iqtisadi əsas yaradır.

Dördüncüsü, Azərbaycanın qaz ixracatındakı artım tendensiyası ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır ki, bu da əhaliyə daha ucuz qiymətə mavi qaz təklif etməyə imkan yaradır. Belə ki, ötən il Azərbaycan 7,9 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Bu 1,499 milyard dollar deməkdir. 2018-ci ildə ixrac edilən təbii qazın miqdarı 2017-ci ildən 4,7%, dəyəri isə 25,5% çox olub. Artım tempi bu ilin birinci rübündə də davam edib. 2019-cu ilin birinci rübündə qaz ixracı 2 milyard 971 milyon kubmetr olub. Beləliklə, bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3,2 dəfə artım deməkdir. Qaz satışından əldə etdiyimiz gəlir bu ilin ilk 3 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2,5 dəfə artıb. Göründüyü kimi, həm ötən il, həm də geridə qoyduğum rübdə mavi qaz ixracatı və xarici satışdan əldə edilən gəlirdə ciddi artım var. Ölkəyə daxil olan valyutanın həcminin artması fonunda əhaliyə satılan qazın qiymətində güzəştin tətbiq edilməsi üçün maliyyə bazası artıq formalaşıb.

Təbii ki, mavi qaza müəyyənləşdirilən qiymət limitin ləğv edilməsi həmçinin sosial baxımdan da əhəmiyyətlidir. Belə ki, limitin ləğvi əhalinin bu istiqamətə yönəltdiyi xərclərinin azalmasına və sosial təminatının yaxşılaşdırılmasına xidmət etmiş olacaq. Bütün yuxarıda qeyd etdiyimiz iqtisadi əsaslandırmanı və məsələnin sosial tərəfini nəzərə alaraq mavi qaza müəyyənləşdirilən limitin ləğvini məqsədəuyğun hesab edirik”.

Xəbər lenti