Xəzər Xəbər

Rəqəmsal maliyyə startapları adi bankları sıradan çıxaracaqlarmı?

İqtisadiyyat | 17:24 • 5 Aprel 2019
Rəqəmsal maliyyə startapları adi bankları sıradan çıxaracaqlarmı?

Rəqəmsal texnologiyalar aləmində yeni meyilləri vaxtında duymuş və startap maliyyə şirkətləri yaradılması yolu ilə öz biliklərini bu sahəyə sərmayə qoymağı qərara almış gənc sahibkarlar Almaniyada get-gedə populyarlaşır və ilkin uğurlarını inkişaf etdirirlər.


AZƏRTAC konsaltinq təşkilatlarının tədqiqatlarının nəticələrinə istinadla xəbər verir ki, bu ilin əvvəlində "Fintechs”lər (startap maliyyə firmalarını bəzən belə adlandırırlar) internet sövdələşmələr vasitəsilə investorların rekord məbləğdə sərmayə qoymasına nail olublar. Məsələn, bu ilin ilk üç ayının yekunlarına əsasən "Fintechs”lər investorları 686 milyon avro sərmayə qoymağa inandırıblar. Bu, ötən ilin müvafiq dövründə qoyulmuş sərmayələrdən iki dəfə çoxdur. Ötən ilin son rübünün göstəricisi indiyə qədər rekord sayılırdı, lakin bu ilin birinci rübünün göstəricisi həmin rekorddan 77 faiz yüksək olub.


Qeyd edək ki, bu startaplar öz rəqəmsal biznes modellərinin orijinallığı sayəsində maliyyə xidmətləri bazarında mövqelərini möhkəmlədiblər. Startapların innovativ potensialı ənənəvi maliyyə təsisatları ilə rəqabətdə üstünlüyə malikdir, lakin indiki mərhələdə onlar bir-biri ilə rəqabət aparmağa məcburdurlar. "Fintechs” təkcə keçən il ərzində Almaniyada bir milyard avrodan artıq vençur kapitalı toplayıblar.

Xəbər lenti