Xəzər Xəbər

Gənclərə şəhərsalma və memarlıq sahəsinin incəlikləri aşılanır

İqtisadiyyat | 15:08 • 5 Aprel 2019
Gənclərə şəhərsalma və memarlıq sahəsinin incəlikləri aşılanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Şəhərin gələcəyini birlikdə yaradaq” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup aktiv tələbələri ilə görüş keçirilib.

Komitənin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, tədbirin məqsədi gənclərin mənəvi inkişafı və maarifləndirilməsi, məşğulluq strategiyasına uyğun olaraq sosial fəallığının artırılması, istedadlı və yaradıcı gənclərin aşkar edilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi və təhsil aldıqları ixtisaslara uyğun olaraq müvafiq vakansiyalar üzrə dövlət qulluğuna cəlb olunmasına, ixtisaslaşmış kadrlar və layiqli vətəndaşlar kimi yetişməsinə yardım etmək, şərait yaratmaqdır.

Görüşdə komitənin nümayəndələri gələcəyin şəhərsalma və memarlıq sahələri üzrə mütəxəssislərinə ölkəmizin tikinti sektoru və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu sahədə rolundan, əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Mövzuya dair çıxış və müzakirələri xüsusi maraqla qarşılayan gənclərə, həmçinin komitənin müvafiq şöbələrinin işi ilə də əyani şəkildə tanış olmaq imkanı yaradılıb.

Qeyd olunub ki, gənclərlə iş dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də daima bu məsələni diqqətdə saxlayır, mütəmadi olaraq sözügedən istiqamətdə tədbirlər həyata keçirir.

Xəbər lenti