Xəzər Xəbər

Avropa Komissiyası Azərbaycan qazını Bolqarıstana çatdıracaq interkonnektorun tikintisinə 33 milyon avro ayırıb

İqtisadiyyat | 14:20 • 3 Aprel 2019
Avropa Komissiyası Azərbaycan qazını Bolqarıstana çatdıracaq interkonnektorun tikintisinə 33 milyon avro ayırıb

Avropa Komissiyası Azərbaycanın "Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece-Bulgaria (IGB) inşasına 33 milyon avronun ayrılmasını təsdiq edib.


Bu barədə Avropa Komissiyası məlumat yayıb. Bildirilir ki, həmin vəsait Şimal-Şərqi Yunanıstanın Komotini və Bolqarıstanın cənubundakı Stara Zagora bölgələri arasındakı 182 kilometrlik boru qaz kəmərinin tikintisinə sərf olunacaq.


Qeyd edək ki, 145 milyon avro dəyəri olan IGB qaz kəmərinin çəkilməsi ilə bağlı tenderə 5 şirkət daxil olub. Tenderə müraciətləri təqdim etmək haqqını 2 bolqar tikinti şirkəti, İtaliyanın "Bonatti” şirkəti, Almaniyanın "Max Streicher” və Yunanıstanın "Terna” şirkətlərinin birgə müəssisəsi, habelə Fransanın "Spiecapag”, "Vinci” və "Bulgarian Trace” şirkətlərin konsorsiumu qazanıb. İnterkonnektorun tikintisinə cari ildə başlanması və işlərin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.


Xatırladaq ki, 2013-cü ilin sentyabrında "Bulgargaz EAD” "Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan təbii qazı "Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin ildə Yunanıstan-Bolqarıstan qaz şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi planlaşdırılır. Bolqarıstan bu kəməri ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək.


IGB qaz boru kəmərinin Komoti və Stara Zagorada çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq. Boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var.


Ötən ilin iyununda TAP-ın tikintisi üzrə konsorsium ilə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun operatoru olan ICGB AD əməkdaşlıq sazişi imzalayıb. Hazırda TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 85,7 faizi yekunlaşıb. TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla 2 kompressor stansiyasının inşası qrafik üzrə davam edir. Kipoidəki stansiyada ümumi tikinti işlərinin 79 faizi yekunlaşıb. Fierdəki kompressor stansiyasının inşasının isə 77 faizi başa çatıb. Kipoidə boruların tədarükü tamamlanıb və boruların 90 faizdən çoxu qurulub. Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsində tikinti işlərinin 10 faizi yekunlaşıb. TAP-ın dəniz hissəsinin inşası qrafikinə əsasən cari ildə həyata keçiriləcək. İtaliyada isə mikrotunelin tikintisi üzrə hazırlıq işləri davam etməkdədir.


Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.


Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, "Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.


Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP "Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.


TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagás” (16 faiz) və "Axpo” (5 faiz). (AZƏRTAC)

Xəbər lenti