Xəzər Xəbər

“Quş qripi”nə görə aparılan monitorinqin ilikn nəticələri açıqlandı

İqtisadiyyat | 14:07 • 27 Fevral 2019
“Quş qripi”nə görə aparılan monitorinqin ilikn nəticələri açıqlandı

Fevralın 25-dən ölkə ərazisində "quş qripi” xəstəliyinə görə başlanan Milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda aparılan monitorinq davam etdirilir. Köçəri quşlara görə mart ayının 1-də yekunlaşacaq monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.

Dövlət Baytarlıq Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, artıq qurumun əməkdaşları seçmə üsulla ovlanmış 27 baş (Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş köçəri quşun patoloji material, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatdan 11 baş köçəri quşun patoloji material, Salyan rayonundakı Şirvan Milli Parkından 8 baş köçəri quşun patoloji material) köçəri quşlardan patoloji material, həmçinin Abşeron (50 baş ev quşu qanı), Şabran (50 baş ev quşu qanı) və Salyan (50 baş ev quşu qanı) rayonlarındakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 150 baş ev quşundan qan nümunələri götürüblər.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də şəxsi və quşçuluq təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəliyə və xəstəlikdən tələfata rast gəlinməyib.

Həm köçəri, həm ev quşlarından götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda "quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Xəbər lenti