Xəzər Xəbər

Azərbaycan Beynəlxalq Valyuta Fondunun standartını tətbiq edib

İqtisadiyyat | 11:48 • 25 Fevral 2019
Azərbaycan Beynəlxalq Valyuta Fondunun standartını tətbiq edib

Azərbaycan Beynəlxalq Valyuta Fondunun (IMF) "Ümumi məlumatların yayılması sisteminin (Enhanced Data Dissemination Systemi E-GDDS)” tövsiyələrini həyata keçirib. Bu barədə rəsmi məlumat yayan IMF-nin internet səhifəsində "Ölkə üzrə məlumatlar məcmusunda” (National Summary Data Page-NSDP) Azərbaycan üzrə mühüm statistik məlumatlar dərc edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib ki, E-GDDS Beynəlxalq Valyuta Fondu tərəfindən 2015-ci ildə təsis edilib və statistik məlumatların şəffaflığının təkmilləşdirilməsi, statistikanın inkişafının təşviq olunması və yayılan məlumatların istifadəyə yararlılığının təmin edilməsi məqsədini daşıyır.

İİTKM-in analitiki Vüsalə Cəfərova "Ölkə üzrə məlumatlar məcmusunda” milli hesablar, monetar və fiskal sektor, tədiyyə balansı və digər sahələr üzrə əsas makroiqtisadi məlumatların birbaşa olaraq bir mənbədən əldə edilərək "bir pəncərə məlumat portalı” funksiyasını yerinə yetirdiyini söyləyib: "NSDP Azərbaycanın Dövlət Statistika Komitəsinin internet səhifəsində nəşr olunmaqla IMF-nin "Statistik məlumatların yayımlanması standartları bülleteni” arasında birbaşa əlaqəni təmin edir. NSDP statistik məlumatlar bazası və metadata mübadiləsindən istifadə etməklə Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və Azərbaycan Mərkəzi Bankı tərəfindən dərc olunan statistikalara dair istinadları təmin edir. NSDP vasitəsilə zəruri makroiqtisadi məlumatların dərc edilməsi investorlar və reytinq agentlikləri də daxil olmaqla yerli, xarici istifadəçilərin maraqlarına uyğundur. Bu sistem iqtisadi vəziyyət və iqtisadi siyasəti izləmək üçün əhəmiyyətli məlumatlara asanlıqla daxil olmağa imkan verəcək. Məlumatlar həm insan, həm də xüsusi maşınlar tərəfindən oxunula bilən formatlarda asanlıqla əldə olunur, istifadəçilərə vaxtında məlumatların əldə edilməsinə və məlumatların şəffaflığının artırılmasına imkan verir.”

IMF-nin Statistika Departamentinin Direktoru Luis Mark Duşarme Azərbaycanda statistikanın inkişafında bu addımın mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib: "Əminəm ki, Azərbaycan statistika sisteminin daha da inkişafı üçün e-GDDS-dən bir çərçivə kimi istifadə edəcək”.

V.Cəfərova əlavə edib ki, bu islahat Prezident İlham Əliyevin 2016-ci il 13 iyul tarixli "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası istiqamətində atılmış əhəmiyyətli addımdır.

Ətraflı məlumatla təqdim edilən link -https://bit.ly/2EuRkNJ vasitəsilə tanış olmaq mümkündür.

Xəbər lenti