Xəzər Xəbər

Dövlət Reyestrində yeni bitki sort və hibridləri qeydiyyata alınıb

İqtisadiyyat | 19:29 • 19 Fevral 2019
Dövlət Reyestrində yeni bitki sort və hibridləri qeydiyyata alınıb

"Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə yeni bitki sort və hibridləri qeydiyyata alınıb.


Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 2019-cu il 14 fevral tarixli əmrinə əsasən respublikanın müxtəlif bölgələri üçün becərilməsinə icazə və patent (müəllif hüququnun qorunması) verilməsi məqsədilə 38 bitki üzrə 232 sort və hibrid qeydiyyata alınıb. Bunlardan 39 sort və hibrid dənli, dənli-paxlalı, texniki və yem bitkilərinə, 30 sort çoxillik əkmələrə, 163 sort və hibrid isə tərəvəz, bostan bitki qruplarına aiddir. Qeydiyyata alınan sort və hibridlərin 23-ü yerli, 209-u isə xarici sort və hibridlərdir.


Patent məqsədilə qeydiyyata alınanlar yumşaq buğdanın "Start”, "Mətin”, "Baba-75”, "Nurcahan”, bərk buğdanın "Maya”, "Göytəpə”, "Zəngəzur”, arpanın "Cəmil”, qarğıdalının "Fəxri”, noxudun "Nəzrin”, "Cəmilə”, inək noxudunun "Ayla”, pambığın "Gəncə-132”, "ADN-123”, tut ipəkqurdu cinsinin "Yaqub”, "Çingiz”, tut ipəkqurdu hibridinin "Çingiz x Yaqub”, "Yaqub x Çingiz”, çayın "Fərmançay Çəhrayı”, "Fərmançay”, "Lənkəran”, "Xəzər”, zeytunun "Elçin”, "Aylin”, almanın isə "Sekzie” və "İnored” sort və hibridləridir. Bundan başqa, müxtəlif torpaq-iqlim şəraitində sınağı aparılan və nəticəyə əsasən respublika ərazisində istifadəsinə icazə məqsədilə 206 sort və hibrid qeydiyyata alınıb.


Qeydiyyata alınan sort və hibridlər barədə ətraflı məlumat Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin saytında yerləşdirilib.

Xəbər lenti