Xəzər Xəbər

Gömrükçülər psixotrop maddə, spirtli içki və siqaretlər aşkarlayıb

İqtisadiyyat | 10:31 • 29 Yanvar 2019
Gömrükçülər psixotrop maddə, spirtli içki və siqaretlər aşkarlayıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, şəxsi yoxlamadan əvvəl vətəndaş üzərində dərman preparatlarının olduğunu bildirib və gömrük əməkdaşlarına təqdim edib. Baxış zamanı üzərində "Alprazolam 1" yazısı olan hər birində 10 ədəd həb olmaqla 17 konvalyut dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, alprazolam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III siyahısına daxildir.

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında isə idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz " markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.


Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının içərisində gizlədilmiş 3200 ədəd "Gold Mount" markalı siqaret aşkar edilib.


Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan digər məlumat əsasında isə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.


Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı vaxtı avtomobilin salonunda - ayaq altı hissəsinə qoyulan yüklərin altında üzərində "Hlibny Dar" yazılan 15 ədəd spirtli içki və mühərrikxanasında qara sellofan torbada, üzərində "Gold Mount" yazılan 4800 ədəd siqaret aşkarlanıb.


Bütün faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti