Xəzər Xəbər

Şəhərsalma qanunvericiliyinin pozulması üzrə 21 cinayət xarakterli fakt aşkar edilib

İqtisadiyyat | 13:50 • 25 Yanvar 2019
Şəhərsalma qanunvericiliyinin pozulması üzrə 21 cinayət xarakterli fakt aşkar edilib

Ötən il şəhərsalma qanunvericiliyinin pozulması üzrə 21 cinayət xarakterli fakt aşkar edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, bunu qurumun sədri Samir Nuriyev 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında deyib.

Komitə sədri ölkə başçısının 2018-ci il ərzində imzaladığı bir neçə fərmana əsasən, qurumun məsuliyyətinin artırılması, şəhərsalmanın planlaşdırılması, tikintinin layihələndirilməsi və təşkili sahəsində aparılan islahatlar barədə danışaraq "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 28 dekabr 2018-ci il tarixli fərmanını xüsusi vurğulayıb: "Son fərmana əsasən hazırlanaraq tezliklə istifadəyə veriləcək elektron sistem vasitəsilə tikinti sifarişçisi ilkin olaraq Bakı şəhəri üzrə, Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazəni "bir pəncərə” prinsipi əsasında elektron formada ala biləcək".

S.Nuriyev qeyd edib ki, hesabat dövrü ərzində Komitə tərəfindən səyyar və kameral qaydada dövlət şəhərsalma nəzarəti həyata keçirilib və aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb:

"Belə ki, 2018-ci ildə Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilib, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan "Göstəriş” tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub. Eyni zamanda, 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat Azərbaycan Baş prokurorluğuna təqdim olunub, faktlar üzrə araşdırmalara başlanılıb, bir hissəsi üzrə cinayət işləri açılıb".

Xəbər lenti