Xəzər Xəbər

Azərbaycan iqtisadi göstəricilərinə görə “US News and World Report” jurnalının reytinqində 70-cidir

İqtisadiyyat | 15:00 • 24 Yanvar 2019
Azərbaycan iqtisadi göstəricilərinə görə “US News and World Report” jurnalının reytinqində 70-cidir

ABŞ-ın "US News and World Report” jurnalının tərtib etdiyi reytinqdə Azərbaycan iqtisadi göstəricilərinə görə 70-ci pillədə qərarlaşıb. Ölkəmiz reytinqdə biznes mühitinin açıqlığı və iqtisadiyyatın artım tempinə görə ən çox xal toplayıb.


AZƏRTAC "US News and World Report”a istinadla xəbər verir ki, reytinqin tərtibatçıları Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının olduğunu, buna görə də ölkədə göstəricilərin orta səviyyəni ötdüyünü, iqtisadi inkişaf tempinin və savadlılığın yüksək olduğunu vurğulayırlar.


Həmçinin qeyd olunur ki, yaxşı göstəricilərin qorunub saxlanılması işsizlik səviyyəsinin və yoxsulluğun azalması, bir çox hallarda iqtisadiyyatın şaxələndirilməsi, eləcə də insanların işlə təmin olunması üçün istehsal sahələrinin genişləndirilməsi ilə əlaqədardır.


Budəfəki reytinqdə ümumilikdə 80 ölkənin göstəricilərinə baxılıb və ölkələlər 9 meyar üzrə qiymətləndirilib. Turizm və sosial sahənin inkişafı, iqtisadi artım, əhalinin yaşayış səviyyəsi həmin meyarlardandır.


2016-cı ildəki reytinqdə Azərbaycan 60 ölkə arasında 53-cü, 2017-ci ildə 80 ölkə arasında 69-cu, 2018-ci ildə isə Azərbaycan 64-cü yeri tutub.


Region ölkələrindən Gürcüstan və Ermənistanın daxil edilmədiyi reytinqə İsveçrə başçılıq edir. İlk onluqda isə Yaponiya, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Avstraliya qərarlaşıb. Sonuncu yerlərdə isə Anqola, İran və İrak qərarlaşıb.


Reytinq "US News & World Report”, "BAV Consulting” konsaltinq şirkəti və Pensilvaniya Universiteti ilə birgə tərtib olunub. Reytinq bütün dünya üzrə 21 min nəfər arasında aparılmış sorğunun nəticələrinə görə hazırlanıb.

Xəbər lenti