Xəzər Xəbər

2 saylı Ərazi Vergilər Departamentində yoxlama aparılıb

İqtisadiyyat | 16:56 • 21 Yanvar 2019
2 saylı Ərazi Vergilər Departamentində yoxlama aparılıb

Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq nəzarət əhatəsinə Sumqayıt şəhəri, Abşeron, Xızı və Siyəzən rayonları daxil olan Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində 2017-ci il və 2018-ci ilin birinci rübü üzrə vergi qanunvericiliyinə riayət edilməsi və inzibatçılığın vəziyyətinə dair auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.


Palatanın mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, departamentin hesabatlarına əsasən, vergiödəyiciləri tərəfindən könüllü bəyan edilən vergi məbləğinin hesablanmalı olan ümumi vergi məbləğinin tərkibində xüsusi çəkisi 2017-ci il üzrə 43,4 faiz, 2018-ci ilin ilk rübü üzrə 61,3 faiz olub. Bu da könüllü bəyanetmənin hələ də aşağı səviyyədə olmasının göstəricisidir.


Auditlə departament üzrə proqnozun və yığımın tərkibində mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergiödəyicilərinin payının artması, bəzi proqnozların real mənbələrə əsaslanmadan təsdiq edilməsi və dövlət büdcəsinə daxil olan vəsaitlərin real təyinatlar üzrə uçota alınmaması, potensial mövcud olan proqnozların isə ayrı-ayrı tədiyyə növləri və regionlar səviyyəsində kəsirlərlə yığılması, eyni zamanda, proqnozların icrasına yerli mənbələrə aid edilməyən ödənişlərin də məxsus olması halları aşkarlanıb.


Proqnozların və yığım göstəcirilərinin fiziki şəxslərin gəlir vergisi, torpaq vergisi, əlavə dəyər vergisi, hüquqi şəxslərin mənfəət və əmlak vergiləri, eləcə də sadələşdirilmiş vergi üzrə real potensiala uyğun artırılması üçün vergi öhdəliklərinin müəyyənləşdirilməsinə mənfi təsir göstərən amillər əsasən vergi inzibatçılığındakı çatışmazlıqlarla əlaqədar olub, auditin gedişatında vergi orqanının elektron informasiya bazalarındakı məlumatlar üzrə əhəmiyyətli risk meyarları tətbiq olunmaqla vəziyyəti aktiv olan vergiödəyicilərinin təxminən 20 faizində vergi inzibatçılığı çərçivəsində vaxtında müvafiq tədbirlər görülməyən vergidən yayınma, vergi uçotunun pozulması, əsassız artıq ödəmə məbləğləri və ya faktiki mövcud olan əmlakların vaxtında vergi uçotuna alınmadığından borcların bağlanması üçün siyahıya alınmasının mümkün olmaması kimi müxtəlif məzmunlu uyğunsuzluqlar müəyyən edilib.


Audit tapıntıları qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlərdən tam istifadə etməməklə hesablaşmaların nağdsız qaydada aparılması, aksizli malların istehsalı, vergi bəyannamələrinə əlavələrin tərtib edilməsi, eyni zamanda, idxal-ixrac əməliyyatlarının və sahibkarlıq məqsədilə alınmış kreditlərin vergi uçotunda əks etdirilməsi üzərində də vergi inzibatçılığının zəif təşkil olunmasını göstərib.


Səyyar vergi yoxlamalarının, operativ vergi nəzarəti tədbirlərinin, o cümlədən xronometraj metodu ilə müşahidələrin rəsmiləşdirilməsi prosesində vergiödəyicilərinin real gəlirlərinin müəyyənləşdirilməsinə mənfi təsir edən kənarlaşma hallarına yol verilməsi isə həmin yoxlamaların səmərəliliyinə əsaslı şübhələr yaradıb.


Hesablama Palatasının kollegiyası tərəfindən nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə məlumat verilməsi məqsədilə Vergilər Nazirliyinə və 2 saylı Ərazi Vergilər Departamentinə kollegiya qərarının surəti göndərilib, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisinə məlumat təqdim edilib.


Məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən hazırlanıb.

Xəbər lenti