Xəzər Xəbər

TAP konsorsiumu 3,9 milyard avro ilə layihənin maliyyələşməsini uğurla başa çatdırıb

İqtisadiyyat | 18:24 • 11 Yanvar 2019
TAP konsorsiumu 3,9 milyard avro ilə layihənin maliyyələşməsini uğurla başa çatdırıb

Avropada strateji layihələrdən biri olan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi üzrə konsorsium 2018-ci ilin yekunlarına görə layihənin maliyyəsinin bağlanmasını uğurla başa çatdırıb və 3,9 milyard avro vəsait əldə edib.


AZƏRTAC bu barədə yanvarın 11-də TAP layihəsinin rəsmi internet saytında yerləşdirilmiş məlumata istinadla xəbər verir.


Layihənin icraçı direktoru Luka Şipattinin məlumatda yer almış sitatında deyilir: "Layihənin reallaşdırılmasında daha bir mühüm addım atılıb. TAP beynəlxalq maliyyə institutlarının tələb etdiyi ekoloji və sosial standartlara əməl etməyi könüllü şəkildə öz üzərinə götürür. Beləliklə, bu öhdəlikləri təsdiq edən bütün lazımi tədbirlər həyata keçirilib və yerinə yetirilib. Layihənin maliyyələşməsi başa çatdıqdan sonra TAP onun tikintisinin yekunlaşması və 2020-ci ildə "Şahdəniz-2” yatağından qaz tədarükü mərhələsinə keçə bilər”.


Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Endryu Makdauell deyib: "Avropa İnvestisiya Bankı TAP-ın Avropada enerji təchizatı təhlükəsizliyinin artırılmasına mühüm töhfə olacağını nəzərə alaraq, bu layihənin həyata keçirilməsinə 700 milyon avro ayırıb. AİB layihənin bütün tərəfdaşları arasında sıx əməkdaşlığın davam etməsini alqışlayır”.


Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dayanıqlı infrastruktur üzrə idarəedici direktoru Nandita Parşad bildirib: "Trans-Adriatik boru kəməri Cənub-Şərqi Avropada qaz bazarının inteqrasiyası üçün zəmin olacaq və energetika mərkəzi kimi regionun strateji statusunu gücləndirəcək. Hesab edirik ki, qaz bu regionda mühüm keçid yanacağı kimi kömürü sıradan çıxarmağa və bərpaolunan enerji mənbələrinin istifadəsinə kömək edəcək”.


Məlumatda qeyd olunur ki, maliyyələşmə AİB və AYİB-lə yanaşı, 17 kommersiya bankı tərəfindən həyata keçirilir. Maliyyə vəsaitinin bir hissəsini "Bpifrance”, "Euler Hermes” və "Sace” kimi ixrac kredit agentlikləri ödəyirlər.


Layihə çərçivəsində kommersiya borcunu beynəlxalq maliyyə institutları və ixrac kredit agentliklərindən alınan vəsaitlə cəmləşdirən üçüncü şəxs tərəfindən 16,5 il müddətində ödəniləcək güzəştli borc qismində 3,765 milyard avro cəlb olunub. Ümumi vəsaitə AİB (700 milyon avro), AYİB (1 milyard avro), "Bpifrance” (450 milyon avro), "Euler Hermes” (280 milyon avro), "Sace” (700 milyon avro), habelə kommersiya banklarının ayırdıqları 635 milyon avro daxildir.


Xatırladaq ki, əvvəllər boru kəmərinin tikintisi xərcləri tamamilə TAP-ın səhmdarları tərəfindən ödənilirdi: "BP” (20 faiz), SOCAR (20 faiz), "Snam” (20 faiz), "Fluxys” (19 faiz), "Enagás” (16 faiz) və "Axro” (5 faiz).


Ümumi dəyəri 4,5 milyard avro olan Trans-Adriatik qaz kəməri "Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur, sonrakı illərdə bu həcm artırıla bilər. Boru xəttinin uzunluğu 878 kilometrdir. TAP-ın 550 kilometrlik hissəsi Yunanıstan, 215 kilometri Albaniya, 105 kilometri Adriatik dənizinin dibi və 8 kilometri İtaliya ərazisindən keçəcək.

Xəbər lenti