Xəzər Xəbər

Pərakəndə ticarət fəaliyyəti sahəsində 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ləğv edilib

İqtisadiyyat | 15:04 • 27 Dekabr 2018
Pərakəndə ticarət fəaliyyəti sahəsində 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ləğv edilib

Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslərin vergi öhdəliyi ilə bağlı Vergi Məcəlləsində dəyişiklik olubmu?


Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, 2019- cu ilin yanvarın 1-dən ticarət fəaliyyəti ilə məşğul olan şəxslərin 6 faiz dərəcə ilə sadələşdirilmiş vergitutma metodunu seçmək hüququ ləğv edilib. Buna əsasən, 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərən və illik dövriyyəsi 200.000 manatdan artıq olan ticarət fəaliyyəti ilə məşğul olan şəxslər bu dövrdən ƏDV-nin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.


Belə ki, 2019-cu il yanvarın 1-dək ticarət fəaliyyəti ilə məşğul olan və 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edən vergiödəyiciləri həmin tarixdən 15 gün müddətində sahibliklərində qalan mallar barədə Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş formada məlumatı qeydiyyatda olduqları vergi orqanına təqdim etməlidirlər.


Həmin məlumatlar hər bir vergiödəyicisi tərəfindən bir dəfə təqdim olunur və təqdim edildiyi tarixdən 3 iş günü müddətində, düzəlişlər istisna olmaqla, həmin məlumatların dəqiqləşdirilməsinə yol verilmir. Təqdim olunan məlumatlar malların uçota alınmasını təsdiq edən ilkin uçot sənədi hesab olunur və həmin mallara münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci və 58.8.3-cü maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilmir.


Eyni zamanda, müvafiq məlumatı təqdim etmiş vergiödəyiciləri tərəfindən sahibliklərində qalan malların təqdim olunması zamanı ƏDV 2019-cu il aprelin 1-dək həmin malların alış qiyməti ilə satış qiyməti arasındakı fərqdən hesablanır.

Xəbər lenti