Xəzər Xəbər

Nazirlik “Vergi xəbərçiləri” məsələsinə nöqtə qoydu

İqtisadiyyat | 16:12 • 26 Dekabr 2018
Nazirlik “Vergi xəbərçiləri” məsələsinə nöqtə qoydu

Son iki gündür ki, bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı "vergi xəbərçiliyi”nin nəzərdə tutulduğuna dair məlumatlar yer alıb. Bildirilir ki, gələcəkdə bununla bağlı mükafatlandırma tətbiq oluna bilər.



"Vergi xəbərçiləri” ilə bağlı məsələyə aydınlıq gətirən Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, nə mövcud qanunvericiliyə dəyişikliklərdə, nə də yaxın perspektivdə belə bir mexanizmin tətbiqi nəzərdə tutulmur:


"Dekabrın 25-də Vergilər Nazirliyində keçirilən Vergi Məcəlləsində dəyişikliklərlə bağlı mətbuat konfransında media nümayəndələri tərəfindən vergidən yayınmaya dair məlumatların verilməsi zamanı mükafatlandırma mexanizminin olub-olmaması barədə sual ünvanlanıb. Sual cavablandırılarkən, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən verilən cavabda belə bir mexanizmin olmadığı, bununla bağlı bəzi ölkələrdə beynəlxalq təcrübənin ("Whistleblow” mexanizmi) mövcud olduğu və bunun digər təcrübələr kimi gələcəkdə nəzərdən keçirilməsinin mümkünlüyü qeyd edilib”.



Rəsmi məlumata görə, hazırda vergidən yayınanlar barədə məlumat verənlərin mükafatlandırılmasına və ya digər formada təşviq edilməsinə dair hər hansı təklif və ya layihə nəzərdən keçirilmir:



"Media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, məsələnin mahiyyətinə diqqətlə yanaşsınlar və lüzumsuz müzakirələrə yol verməsinlər”.

Xəbər lenti