Xəzər Xəbər

Vüqar Hüseynov: Prezidentin imzaladığı son Fərman aqrar islahatların mühüm tərkib hissəsidir

İqtisadiyyat | 12:31 • 20 Dekabr 2018
Vüqar Hüseynov: Prezidentin imzaladığı son Fərman aqrar islahatların mühüm tərkib hissəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 dekabr tarixli "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair” Fərmanı həyata keçirilən aqrar islahatların mühüm tərkib hissəsidir.


Bunu AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.


Onun sözlərinə görə, ötən 14 ildə "Aqrolizinq” vasitəsilə ölkədə kənd təsərrüfatının texnika və damazlıq heyvan bazası formalaşdırılıb və təkmilləşdirilib: "Bu müddət ərzində 44 minə yaxın kənd təsərrüfatı texnikası idxal olunaraq 40 faiz güzəştlə satılıb, 35 mindən artıq damazlıq heyvan 40 faiz güzəştlə lizinqə verilib, 795 min ton gübrə və 300 min litr pestisidin güzəştli satışı təşkil edilib, 55 aqroservis formalaşdırılaraq texniki servis xidməti göstərilib. Hazırda isə istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə, innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə, kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaranıb. Fərmana əsasən, bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək. Texnika və damazlıq heyvan satışı "Aqrolizinq” tərəfindən deyil, təchizatçı şirkətlər tərəfindən həyata keçiriləcək. Nəticədə kənd təsərrüfatı texnikası bazarında rəqabət güclənəcək, qiymətlərdə azalma müşahidə olunacaq”.


Vüqar Hüseynov bildirib ki, "Aqrolizinq”in portfeli, texnika və damazlıq heyvanlara güzəştlərin tətbiqi funksiyaları Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüləcək. "Aqrolizinq” isə hələlik digər funksiyalarını davam etdirəcək. "Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışında iştirak etməyəcək, yalnız gübrə və pestisidlərin satışını həyata keçirən bazar iştirakçılarından biri olacaq. Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsi artıq "Aqrolizinq”də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək.


"Kənd təsərrüfatı texnikasının lizinqi zamanı dövlət texnikanın ilkin dəyərinin 40 faizini subsidiya şəklində ödəyəcək. Fermer 20 faiz ilkin ödəniş edəcək, qalan 40 faiz isə fermerə müvəkkil bank tərəfindən kredit şəklində veriləcək. Müvəkkil banklar tərəfindən tətbiq edilən maksimum 7 faiz olan kredit faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Damazlıq heyvanlarda isə dövlətin tətbiq etdiyi subsidiya 10 faiz artırılaraq 50 faizdən 60 faizə qaldırılacaq. Vətəndaş qalan məbləğin 25 faizini ilkin ödəniş edəcək, 15 faizini isə banklar kredit şəklində rəsmiləşdirəcək”, - deyə nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini qeyd edib.


Aparılan islahatlar nəticəsində kənd təsərrüfatı texnikası və damazlıq heyvan bazasının artacağını və daim yenilənəcəyini vurğulayan Vüqar Hüseynov deyib: "Fərmana əsasən, "Aqrolizinq”in tabeliyində olan aqrotexniki servis xidmətləri mərhələli şəkildə özəlləşdiriləcək. Özəlləşdirmə aqrotexniki xidmətlərin keyfiyyətinin artmasına müsbət təsir göstərəcək. Kənd təsərrüfatı texnikası ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad olunması da nəzərdə tutulur”.

Xəbər lenti