Xəzər Xəbər

Avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbədir

İqtisadiyyat | 16:14 • 13 Dekabr 2018
Avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbədir

Atmosferin çirklənməsi nəqliyyat vasitələrinin sayının artması ilə funksional şəkildə əlaqədardır. Bildiyimiz kimi, nəqliyyatın müxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün atmosferə külli miqdarda zəhərli qazlar atılır, ətraf mühitə yüksək texnogen təsir göstərilir və insanların sağlamlığı üçün ciddi təhlükə yaranır.


Daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbə olaraq qalır. Hava hövzəsinin çirklənməsində avtonəqliyyat vasitələrinin payı 90 faizdən yuxarıdır. BMT-nin verdiyi məlumata görə, dünyada 1 milyarddan çox avtomobil var. Bütün bu avtomobillərin işləməsi üçün 900-950 milyon tondan çox yanacaq sərf olunur. Bu qədər yanacağın yanması nəticəsində atmosferə 450-500 milyon ton zərərli birləşmələr və qazlar atılır. Daxili yanma mühərriklərinin yanacaqları əsasən benzin və dizeldir. Bu yanacaqlar öz növbəsində karbohidrogen qarışığından ibarətdir.


Bu barədə AZƏRTAC-a kimya elmlər namizədi Abuəli Hüseynli məlumat verib.


Mütəxəssis bildirib ki, daxili yanma mühərriklərinin işlənmiş qazları və onların atmosferə verdiyi zərərli maddələr, xüsusilə qurğuşun, civə və kadmium kimi ağır metallar saxlayan bərk hissəciklər torpağa və bitkilərin üzərinə çökür. Müxtəlif yollarla insan orqanizminə daxil olaraq sinir sistemini, onların toxumalarının fermentativ fəaliyyətini pozur, tənəffüs və həzm sistemlərinə mənfi təsir edir. Nəticədə ağciyər, mədə xərçənginə, o cümlədən fiziki qüsurlu uşaqların doğulmasına səbəb olur. Daxili yanma mühərriklərinin zərərsizləşdirilmə üsulları hazırda ekoloji tələbləri ödəmir.


O, həmçinin deyib: "Karbürator mühərriklərində yanacaqların oktan ədədini artırmaq və mühərrikdə səs ehtimalını azaltmaq üçün onlara az miqdarda antidetonatorlar əlavə olunur. Yanacaqların antidetonasiya qabiliyyətini artırmaq imkanı verən maddələrin siyahısı genişdir, lakin onların heç də hamısı texnoloji məhdudiyyət və ya ekoloji səbəblərdən istifadə edilə bilməz. Ən effektiv və ucuz antidetonatorlar qurğuşunun üzvi birləşmələridir. Lakin qurğuşun və onun birləşmələri orqanizmdən çox çətin xaric olunur. Buna görə də bir çox inkişaf etmiş ölkələrdə havada onun miqdarına nəzarət edilir. Belə ki, yol verilə bilən qatılıq həddi 0,0007 milliqram/kubmetrə bərabərdir. Hazırda metil-tret-butil efiri ən perspektiv antidetonator hesab olunur.


Dizeldən fərqli olaraq karbürator mühərriklərində yanacağın tam yanması təmin edilir. Nəticədə işlənmiş qazlarda karbon dioksid və karbon monooksidin miqdarı 5-10 dəfə azalır. Dizel mühərrikləri gurultu ilə işləyir, ətraf mühitə azot oksidləri və oksidləşmiş üzvi maddələrə xas kəskin qoxulu tüstü buraxır. Dizel mühərriklərinin işlənməsi zamanı ətraf mühitə ağ, qara və mavi tüstü atılır. Bu mühərriklərdən ətraf mühitə verilən işlənmiş zərərli qazların təsiri 30 karbürator mühərrikinin atmosferə atdığı dəm və işlənmiş qazların təsirinə bərabərdir. İşlənmiş qazlarda olan zərərli maddələrin və qurumun miqdarını azaltmaq üçün ən yaxşı üsul xüsusi üzvi birləşmələrin aşqar kimi yanacaqlara əlavə edilməsidir. Bu məqsədlə hidrazin birləşmələrindən və metal saxlayan maddələrdən istifadə edilir”.

Xəbər lenti