Xəzər Xəbər

Alıcı topladığı çekləri marketə təqdim edib... – Yeni ildən təzə qaydalar

İqtisadiyyat | 16:39 • 5 Dekabr 2018
Alıcı topladığı çekləri marketə təqdim edib...

Növbəti ildə bir sıra vergi dərəcələrinə dəyişikliklər, ümumiyyətlə, iqtisadiyyatın bir sıra sahələrinə tətbiq olunacaq vergi güzəştləri iqtisadi səmərəni gücləndirmək məqsədi daşıyır.

Bunu Teleqraf.com-a Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklərə münasibət bildirən iqtisadçı Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, yeni ildə tətbiq olunacaq məlum vergi islahatları çərçivəsində fiziki şəxslərdən gəlir vergisi ilə bağlı dəyişikliklərlə məcburi sosial sığorta ödəmələrinə dair yeniliklərin bərabər çərçivədə götürülməsi mühüm hadisə olacaq: "Bunun səmərəsini görmək üçün çox vaxt gözləmək lazım gəlməyəcək.

Birincisi, əmək haqlarının gizlədilməsi, ikili mühasibat və əmək müqavilələrinin bağlanmaması kimi amillərin aradan götürülməsi asanlaşacaq, ikincisi, mükəmməl sığorta-pensiya sisteminin yaradılması istiqamətində indiyədək görülən və hələ görüləsi işlər məntiqi əsas tapacaq.

Belə ki, 2500 manatadək gəliri olan şəxsdə 4% vergi ödənişi qətiyyən maraq yarada bilməzdi. Bu, özəl sektorda özünü xüsusən büruzə verirdi. Ona görə də, əmək haqlarının gizlədilməsi, ikili mühasibat və əmək müqavilələrinin bağlanmaması özəl sektorda daha geniş yayılıb.

Ümumiyyətlə, birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda vətəndaşların əmək və sosial hüquqları ən pis şəkildə məhz qeyri-dövlət sektorunda qorunur. İslahatın və müvafiq dəyişikliklərin də elə məhz sözügedən sektorda tətbiq olunacağı təsadüfi deyil.

Gələn ildən pərakəndə satış və ictimai iaşədə nağdsız ödənişlər üzrə (POS-terminallar vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların, yəni fiziki şəxslərin iştirakını təmin etmək üçün neft-qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilən ƏDV-nin müəyyən hissəsinin istehlakçılara qaytarılması xüsusi əhəmiyyət daşıyacaq.

Tətbiq olunacaq yeniliyə əsasən, ticarət mərkəzləri və iaşə xidmətlərindən istifadə edən alıcı topladığı çekləri təqdim edərək ƏDV-nin bir qismini geri ala biləcək. Vətəndaş aldığı mala görə ödənişi nağdsız həyata keçiribsə, əldə etdiyi çekləri təqdim etdiyi zaman ƏDV-nin 15%-ni, nağd şəkildə edibsə, 10%-ni geri alacaq.

Beləliklə, qeyd etdiyim kimi dövriyyəni rəsmiləşdirmək, nağdsız əməliyyatları stimullaşdırmaq başlıca hədəfə çevriləcək.

ƏDV kimi vergi növləri üzrə güzəştlər kölgə iqtisadiyyatını leqallaşdırmaq, ticarəti artırmaq və genişləndirmək, dövriyyəni sürətləndirmək və yüksəltmək, nağdsız hesablaşmalara stimul yaratmaq və sair üçün çox əlverişli vasitədir”.

İqtisadçı deyib ki, yeni ildə işə düşəcək vergi dəyişiklikləri sırasında ölkədə kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişafına xidmət göstərən, həmçinin yeni yaranan subyektlərin rolunun artmasına bilavasitə dəstək xarakteri daşıyan güzəştlərin daha böyük əhəmiyyəti olacaq: "İstər Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirini və xərcini sənədləşdirən vergi ödəyicilərinin öz təsisçilərinə (payçılarına) ödədikləri dividendlərin ödəmə mənbəyində vergidən azad olunması, istərsə də mikro biznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və əlavə dəyər vergisi (ƏDV) üzrə güzəştlərin tətbiqi ölkədə ümumən iqtisadiyyatın inkişafına mühüm töhfələr verəcək”.

Pərviz Heydərov mənfi gözləntilərinin olduğunu da bildirib: ”Tətbiq olunacaq dəyişiklər siyahısında stimullaşdırıcı xarakter daşıyan tədbirlər heç bir mübahisə doğurmasa da, büdcəyə gəlirləri artırmaq məqsədi ilə bir sıra məhsullar üzrə aksiz vergisi dərəcələrinin yüksəldiləcəyi faktı səmərəlilik baxımından müəyyən suallar yaradır. Söhbət ölkəyə idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz vergisi dərəcələrinin artılacağından gedir.

Hesab edirəm ki, aksiz vergisi üzrə mövcud bazanın genişləndirilməsi, yəni, məsələn, energetik içkilərin də aksiz malları siyahısına daxil edilməsi kimi tədbirlər bundan daha effektli və zəruridir”.

Xəbər lenti