Xəzər Xəbər

Azərbaycan MDB ölkələrinin tikinti üzrə Hökumətlərarası Şurasının iclasında təmsil olunub

İqtisadiyyat | 12:55 • 3 Dekabr 2018
Azərbaycan MDB ölkələrinin tikinti üzrə Hökumətlərarası Şurasının iclasında təmsil olunub

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin Tikinti Fəaliyyəti ilə bağlı Əməkdaşlığı üzrə Hökumətlərarası Şuranın Rusiyanın paytaxtı Moskvada keçirilmiş 38-ci iclasında iştirak edib.


Komitənin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, hazırda şuraya sədrlik edən Rusiya Federasiyasının tikinti və mənzil-kommunal təsərrüfatı nazirinin dəvəti əsasında təşkil olunmuş və üzv dövlətlərin aidiyyəti dövlət qurumlarının təmsil olunduğu iclasda MDB ərazisində seysmodavamlı tikinti üzrə baza təşkilatın yaradılması barədə qərar qəbul olunub, habelə inşaat sahəsini tənzimləyən normativ bazanın inkişafı, şəhərsalma və memarlıq sahələrində aktual problemlər və onların həlli yolları müzakirə edilib.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi səfər çərçivəsində Rusiya, Qazaxıstan, Belarus və digər ölkələrin şəhərsalma və tikinti sahəsində fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının heyətləri ilə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub.


MDB-nin üzv dövlətlərinin Tikinti Fəaliyyəti ilə bağlı Əməkdaşlığı üzrə Hökumətlərarası Şura Birliyə daxil olan ölkələrdə tikinti sahəsində razılaşdırılmış siyasətin formalaşdırılması, inşaat sektorunun dayanıqlı inkişafının təmin olunması üçün aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətinin təşkili məqsədilə 1994-cü ildə yaradılıb.


Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sözügedən Hökumətlərarası Şuranın üzvüdür. Şuranın fəaliyyəti əsasən tikinti sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, o cümlədən tikintidə mühəndis tədqiqatlarının aparılması, layihələndirmə, şəhərsalma sənədlərinin işlənməsi, memarlıq fəaliyyəti, inşaat materiallarının istehsalı, tikintinin təşkili və s. bu kimi istiqamətləri əhatə edir.

Xəbər lenti