Xəzər Xəbər

İKT sahəsinin 10 ən güclü qadını mükafatlandırılacaq

İqtisadiyyat | 09:38 • 24 Noyabr 2018
İKT sahəsinin 10 ən güclü qadını mükafatlandırılacaq

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin 10 ən güclü qadını mükafatlandırılacaq.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunda qadınların rolu artmaqdadır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də öz növbəsində qadınların İKT sahəsində fəaliyyətinin genişlənməsinə dəstək göstərir. Belə ki, nazirliyin təşəbbüsü ilə 2014-cü ildə Azərbaycanda İKT sahəsində çalışan qadınları birləşdirən Azərbaycan Qadınlarının İKT Klubu təsis olunub.


Azərbaycan Qadınlarının İKT Klubu – "Femmes Digitales” IT sahəsində qadınların mükafatlandırılması – #AWITA təşəbbüsünü həyata keçirir. Bu, ölkəmizdə texnologiya sahəsində fəaliyyət göstərən qadınların tanınmasına həsr olunmuş ən böyük tədbirlərdən biridir.


Tədbir son 12 ay və ya daha uzun müddət ərzində qadınların texnologiya sahəsində əldə etdikləri uğurları və innovasiyaları nümayiş etdirir, yeni vəzifə modellərini müəyyənləşdirir. Həmçinin bu sektorun aparıcı qüvvələri arasında əlaqələrlə bağlı gələcək dialoqların keçirilməsini təşviq edir.


Mükafat, eyni zamanda, bu sahədə "yeni doğulan ulduzlar”a, yəni IT sahəsində xidmət göstərən və sürətlə inkişaf edən, o cümlədən öz iş yerlərində gender bərabərsizliyinin azaldılması istiqamətində çalışan xanımlara təqdim olunur.


Qaliblər 10 kateqoriya üzrə vendor, distribüter, özəl və dövlət qurumlarının aidiyyəti nümayəndə və rəhbərlərindən ibarət münsiflər heyəti tərəfindən seçilir.


İKT sahəsində çalışan ilin 10 ən güclü qadını 5 dekabr tarixində keçiriləcək təltifetmə mərasimində elan olunacaq.

Xəbər lenti