Xəzər Xəbər

Azərbaycanda ilk dəfə calaqaltılar yetişdiriləcək

İqtisadiyyat | 10:58 • 21 Noyabr 2018
Azərbaycanda ilk dəfə calaqaltılar yetişdiriləcək

Ölkəmizdə ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə bitki calaqaltıları yetişdirilərək, onlardan meyvə tingləri əldə olunacaq. Dəyər zənciri formasında qurulan istehsalçı-fermer tərəfdaşlığına Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti dəstək verir.


Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində yaradılacaq dəyər zənciri Quba rayonunda fəaliyyət göstərəcək. Nəzərdə tutulan layihənin əsas məqsədi Azərbaycanda ətraf mühitin mənfi təsirlərinə və xəstəliklərə davamlı, intensiv və superintensiv bağçılığın tələblərinə cavab verən meyvə tingləri yetişdirmək və onlardan müasir bağların salınmasında istifadə edilməsini genişləndirməkdir. Laboratoriya şəraitində meyvə bitkilərinin calaqaltılarının becərmə texnologiyasının ölkəmizdə də tətbiqi ilə yerli mühitin iqlim şəraitinə uyğun tinglər əldə edilməsinə nail olunacaq.


"Quba rayonunda innovativ üsulla meyvə tinglərinin istehsalı” layihəsinin həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə "Quba Ting MMC” arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, müəssisə laboratoriya şəraitində calaqaltılar yetişdirəcək və bu calaqaltılardan "Meyvə tingləri istehsalçıları” İctimai Birliyinə daxil olan fermerlərin təsərrüfatlarında calaq etməklə meyvə tingləri becəriləcək. Bununla yanaşı, Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin xətti ilə dəyər zənciri iştirakçılarına calaqaltı istehsalı üçün laboratoriya və istixananın yaradılması, keyfiyyətli meyvə tingi istehsalı üçün yeni kənd təsərrüfatı texnikasının alınması da nəzərdə tutulub.


Yetişdiriləcək tinglərdən ilkin mərhələdə 50 hektara yaxın meyvə bağının salınmasında istifadə edilməsi gözlənilir. Eyni zamanda, əldə olunacaq tinglərin Quba və ətraf rayonların fermerlərinə satılmaqla dəyər zənciri həlqəsinin genişləndirilməsi planlaşdırılır.

Xəbər lenti