Xəzər Xəbər

OPEC neft hasilatını azaltmağa hazırlaşır

İqtisadiyyat | 15:39 • 14 Noyabr 2018
OPEC neft hasilatını azaltmağa hazırlaşır

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ABŞ Prezidenti Donald Trampın əks fikirdə olmasına baxmayaraq neft istehsalını azaltmağa hazırlaşır.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib.


O bildirib ki, gələn il neft ehtiyatlarında gözlənilən artımın qarşısını almaq üçün hasilatı azaltmaq lazımdır: "Biz bazarda tarazlığın yaranması üçün lazımi addımları atacağıq. OPEC-in məqsədi bazarda sabitliyi təmin etməkdir. Neftin qiymətindəki dəyişkənlik heç kəsin maraqlarına uyğun deyil”.


Xatırladaq ki, ötən gün Donald Tramp Səudiyyə Ərəbistanı və OPEC-in neft hasilatını azaltmayacağına ümidvar olduğunu deyib. ABŞ Prezidenti əlavə edib ki, neftin qiyməti tədarükündən asılı olaraq aşağı olmalıdır.


Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına görə, qlobal neft tədarükü oktyabrda sentyabr ayı ilə müqayisədə 20 min barrel artaraq gündəlik 100 milyon 720 min barrelə çatıb.


Qeyd edək ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Xəbər lenti