Xəzər Xəbər

Bazara çıxarılan sutkalıq neftin 8,2 milyon barreli Afrikada hasil olunur

İqtisadiyyat | 15:43 • 5 Noyabr 2018
Bazara çıxarılan sutkalıq neftin 8,2 milyon barreli Afrikada hasil olunur

Dünyada təsdiq olunmuş təxminən 1 trilyon 700 milyard barrel neft ehtiyatının 129 milyard 200 milyon barreli Afrikadadır. Qlobal neft bazarına çıxarılan sutkalıq 95 milyon barrel neftin 8,2 milyon barreli Afrikada hasil olunur.


AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Afrika həm şimalda, həm də Böyük Səhra ölkələrində davam edən neft istehsalı, çıxarılmağı gözləyən ehtiyatlar ilə qlobal enerji bazarının mühüm aktorlardan biri olmaq yolunda irəliləyir. Qitədə istehsal həcmi artan bir çox ölkə siyasi qeyri-sabitlik və iqtisadi səbəblərə görə öz neft ehtiyatlarından tam istifadə edə bilmir.


Qitədə neft ehtiyatlarının həcminə görə ilk beşlikdə Liviya, Nigeriya, Anqola, Əlcəzair və Misir qərarlaşıb. Liviya 48,4 milyard barrel ilə qitənin ən çox neft ehtiyatına sahib olan ölkəsidir. Nigeriya 37,1 milyard barrel neft ehtiyatı ilə ikinci və Anqola isə 12,7 milyard barrellə üçüncü sıradadır.


Neft istehsalına görə qitədə ilk sıralarda olan Nigeriya və Anqola 2016-cı ildə isə qlobal hasilatda müvafiq olaraq 13-cü və 14-cü yerləri tutub.


Dünyada ən çox neft ixrac edən ilk 10 ölkə sırasında Nigeriya 8-ci, Anqola isə 9-cu yerdədir.


Zimbabvedə böyük ehtiyatı kəşf edilib


Ötən günlərdə Afrikada ən böyük neft və təbii qaz ehtiyatı aşkar olunub. Avstraliyanın "Invictus Energy” şirkəti Afrikanın cənubundakı Zimbabvedə qitənin ən böyük neft və təbii qaz ehtiyatını kəşf edib.


Zimbabve Prezidenti Emmerson Mnanqaqva deyib ki, ehtiyat 200 kilometrlik ərazidə kəşf edilib. Burada ilk quyu 2020-ci ildə istismara veriləcək. Başqa bölgələrdə də kəşfiyyat işləri davam edir.


Ölkənin mədənlər və mədən inkişafı naziri Uinston Çitando isə bildirib ki, ehtiyat ABŞ-ın "ExxonMobil” şirkətinin 1990-cı illərin əvvəlində bölgədən əldə etdiyi məlumatlar əsasında "Invictus Energy”nin yeni texnologiya tətbiq etməsi ilə aşkar edilib. "Invictus Energy” layihə üçün 20 milyon dollar sərmayə yatıracaq. Bu ehtiyat bölgəni Afrikanın ən böyük neft hövzəsi edir.


Dünyanın ən böyük qiymətli daş mədənlərinə sahib olan Zimbabvedə ilk dəfə neft və təbii qaz aşkarlanıb.


Qitədə ən çox neft çıxaran ölkə Nigeriyadır


Neft istehsalının həcminə görə Nigeriya gündəlik 2,36 milyon barrel hasilatla qitədə ilk sırada qərarlaşıb. Anqolada sutkada 1,71 milyon barrel, Əlcəzairdə isə gündəlik 1,52 milyon barrel neft çıxarılır. Afrikada ən böyük neft ehtiyatına sahib olan ölkəsi Liviya isə siyasi qeyri-sabitliklə əlaqədar gündəlik 0,5 milyon barrel istehsal edilə bilər.


2018-ci ili məlumatlarına görə, Afrikada ən ucuz benzin müvafiq olaraq Nigeriya, Misir, Anqola, Efiopiya və Tunisdə satılır. Qitədə benzinin qiymətinin ən baha olduğu ölkələr isə Mərkəzi Afrika Respublikası, Zimbabve, Mauritius, Cape Verde və Demokratik Konqodur.


Afrika Neft İstehsalçıları Birliyi ilə əməkdaşlıq


1986-cı ildə Nigeriyada yaradılan Afrika Neft İstehsalçıları Birliyinin (APPA) vəzifəsi qitədə neft çıxaran ölkələr arasında koordinasiya, əməkdaşlıq və məlumat mübadiləsi qurmaqdır. Nigeriya, Əlcəzair, Liviya və Qabon tərəfindən təsis edilən APPA-nın Afrikada 18 üzvü var. Bu ilin aprelində Çadın paytaxtı Ncamenada təşkil edilən APPA-ya üzv ölkələrin 35-ci toplantısında dünya bazarında neft qiyməti və neft gəlirlərinin Afrika ölkələrinin inkişafında istifadəsi müzakirə olunub.


Bundan başqa, Afrika qitəsi Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) Liviya, Əlcəzair, Nigeriya və Anqola ilə təmsil olunur.


Neftin istehsal həcmi durmadan artır


Uzun illərdir ki, qitədəki bir çox ölkə neft ehtiyatlarının kəşfiyyatı və hasilatı böyük xərclərə başa gəldiyi üçün öz resurslarını səmərəli istifadə edə bilməyib. Son 15 ildə Keniya, Qana, Nigeriya, Uqanda və Efiopiya kimi ölkələrdə yeni neft ehtiyatlarının kəşfi qitənin sahib olduğu potensialı yenidən gündəmə gətirib.


Keniya tarixində ilk dəfə bu il xam neft ixrac etməyə başlayıb, Efiopiya da gündəlik 450 barrel neft istehsal edir.


Vətəndaş müharibəsi və terrorla əlaqədar uzun illərdir öz resurslarından səmərəli istifadə edə bilməyən Somali ərazisində və sahillərində böyük neft ehtiyatlarının olduğu təxmin edilir.


Nigeriyada isə texnika və avadanlıq çatışmazlığı, qarşısı alına bilməyən sui-istifadə halları, terror, bürokratik əngəllər və qanunvericiliyin qeyri-kafiliyi, neft zavodlarına qarşı təxribatlar və çıxarılan neftin işlənmədən xam neft kimi ixrac edilməsi ölkə iqtisadiyyatının inkişafına maneə törədir.

Xəbər lenti