Xəzər Xəbər

Maliyyə Bazarlarına Nəzarət Palatası Koreyanın Bilik Mübadiləsi Proqramına qoşulub

İqtisadiyyat | 17:27 • 29 Oktyabr 2018
Maliyyə Bazarlarına Nəzarət Palatası Koreyanın Bilik Mübadiləsi Proqramına qoşulub

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən Bilik Mübadiləsi Proqramına (Knowledge Sharing Program - KSP) qoşulub.


MBNP-nin mətbuat xidmətindən bildiriblər ki, məqsəd "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi" və "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş bəzi tədbirlərin effektiv icrasını təmin etməkdir. KSP layihəsi Koreya Respublikası tərəfindən tərəfdaş ölkələrlə iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb və ödənişsiz əsasda təqdim edilən inkişaf platformasıdır.


KSP layihəsi çərçivəsində koreyalı ekspertlər tərəfindən Azərbaycan Respublikasında törəmə maliyyə alətləri bazarının yaradılması və qiymətli kağızlar bazarında klirinq və hesablaşmaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə texniki yardım göstəriləcək. Bu istiqamətdə Koreya təcrübəsi nəzərə alınmaqla baza aktivi səhm, istiqraz və xarici valyuta olan törəmə maliyyə alətlərinin yaradılması və ticarətə buraxılması, habelə qiymətli kağızlar bazarında səmərəli ticarətsonrası sistemin qurulması üzrə işlər görüləcək.


Qeyd edək ki, oktyabrın 24-26-da koreyalı ekspertlərin geniş tərkibdə missiyası Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində ekspertlər Maliyyə Bazarlarına Nəzarət Palatası, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi, Mərkəzi Bank, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin nümayəndələri ilə görüşlər keçirib, cari vəziyyətin təhlili üzrə müzakirələr aparıblar.

Xəbər lenti