Xəzər Xəbər

“TurkStream”in dəniz hissəsinin 95 faizi hazırdır

İqtisadiyyat | 13:45 • 28 Oktyabr 2018
“TurkStream”in dəniz hissəsinin 95 faizi hazırdır

"Türk axını” təbii qaz boru kəmərinin ("TurkStream”) dəniz hissəsinin 95 faizi hazırdır.


Bu barədə "Gazprom” şirkəti məlumat yayıb.


Bildirilir ki, Rusiya qazını türk və avropalı istehlakçılara çatdıracaq "Türk axını” boru kəmərinın tikintisi davam edir. Boru kəmərinin iki xəttində ümumilikdə 1775 kilometr boru döşənib. İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində isə təbii qaz qəbulu terminalının inşası davam edir.


Qeyd edək ki, boru kəməri iki xətdən ibarət olacaq və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. İkinci xəttin inşasına 2019-cu ildə başlanacaq. "TurkStream”in dəniz hissəsinin inşası qarşıdakı aylarda tamamlanacaq. Boru kəmərinin gələn ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır. Ümumi uzunluğu 1100 kilometr olacaq "TurkStream” boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir. "TurkStream”in dəniz borularını "Pioneering Spirit” gəmisi düzür.


Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq "TurkStream”in əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. Yeni Urenqoyda 12 trilyon kubmetrlik təbii qaz ehtiyatı "Gazprom”un yataqlarındakı ümumi ehtiyatların 70 faizini təşkil edir. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək. Kəmərin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. Türkiyə "TurkStream”in dəniz hissəsini tikən şirkətdən vergi almayacaq. Buraya gələn qaz Türkiyənin "Botaş” şirkəti tərəfindən inşa ediləcək xətt ilə Lüleburqazdan beynəlxalq qaz şəbəkəsinə veriləcək.


"Gazprom” cari ildə "Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək. "TurkStream” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin dəyəri 7 milyard ABŞ dolları qiymətləndirilir.

Xəbər lenti