Xəzər Xəbər

"Serbiya “TurkStream” layihəsinə qoşulmaq istəyir" - Nazir

İqtisadiyyat | 13:37 • 27 Oktyabr 2018
"Serbiya “TurkStream” layihəsinə qoşulmaq istəyir" - Nazir
"Lakin bu, Bolqarıstan və Macarıstan kimi qonşu ölkələrdən asılıdır”

Serbiya "Türk axını” təbii qaz boru kəməri ("TurkStream”) layihəsinə qoşulmaq istəyir.

Xarici KİV xəbər verir ki, bu barədə Serbiyanın mədən və energetika naziri Aleksandar Antic deyib.

Nazir "TurkStream”in bütün region üçün əhəmiyyətli olduğunu bildirib: "Bu layihə Balkan ölkələrinin enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Türkiyə üzərindən 10 və ya 15 milyard kubmetr qazın Bolqarıstan, Serbiya, Macarıstan və Avstriyaya nəqli bizim enerji təhlükəsizliyimizi inkişaf etdirməyimiz baxımından böyük fürsətdir. Serbiya bu boru kəmərinə daxil olmağa hazırdır. Lakin bu, Bolqarıstan və Macarıstan kimi qonşu ölkələrdən asılıdır”.

Qeyd edək ki, boru kəmərinin ikinci xəttinin inşasına 2019-cu ildə başlanacaq. "TurkStream”in dəniz hissəsinin inşası davam edir və tikinti işləri qarşıdakı aylarda tamamlanacaq. Boru kəmərinin gələn ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.

Ümumi uzunluğu 1100 kilometr olacaq "TurkStream” boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir. Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq "TurkStream”in əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. Yeni Urenqoyda 12 trilyon kubmetrlik təbii qaz ehtiyatı "Gazprom”un yataqlarındakı ümumi ehtiyatların 70 faizini təşkil edir. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək.

"TurkStream” layihəsi üzrə ikinci xətlə təbii qazın Türkiyə-Yunanıstan sərhədində, İpsala yaxınlarında Avropaya göndərilməsi planlaşdırılır. "Gazprom” cari ildə "Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək. Boru kəmərinin hər xətti 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. "TurkStream” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin dəyəri 7 milyard ABŞ dolları qiymətləndirilir. (AZƏRTAC)

Xəbər lenti