Xəzər Xəbər

Bal yarmarkası bu həftə başa çatır

İqtisadiyyat | 14:16 • 23 Oktyabr 2018
Bal yarmarkası bu həftə başa çatır
"Artıq arıçılıq məhsullarının sərgi-satış yarmarkasına çıxarılmış 120 ton balın böyük hissəsi satılıb”.

Bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov verib.

Onun sözlərinə görə, bu günə qədər anbarlardan yarmarkaya 107 ton bal verilib: "Hazırda anbarlarda cəmi 13 ton bal qalıb və bazar gününə kimi həmin balın da satışa çıxarılacağını gözləyirik”.

KTN rəsmisi bildirib ki, 5-28 oktyabr tarixlərində keçirilən yarmarkada qiymətlər sərbəstdir: "Nazirlik heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir. Bu baxımdan yarmarkanın ilk günlərində balın orta qiyməti 25 manat olaraq formalaşmışdı, amma son günlər qiymətlərdə ucuzlaşma müşahidə olunur. Artıq yarmarkada 20, hətta 15 manata da bal almaq mümkündür. Qiymətlərin ucuzlaşması balın keyfiyyəti ilə bağlı deyil. Birincisi, arıçı qiyməti müəyyən edərkən alıcılıq qabiliyyətini nəzərə almalıdır. İlk günlər bunu nəzərə alanlar daha çox miqdarda bal sata biliblər. İkincisi, bəzi arıçılar artıq yarmarkaya gətirdikləri məhsulun 80 faizini satıblar, o səbəbdən qiyməti aşağı salaraq son məhsulu da satıb, evlərinə qayıtmaq istəyirlər”.

Vüqar Hüseynov bu il keçirilən yarmarkada iki mühüm nəticəyə nail olduqlarını bildirib: "Müxtəlif nəticələr var, yarmarkanın təşkili və gedişatı ilə bağlı məsələlər tədbir başa çatdıqdan sonra daha geniş təhlil olunacaq. Amma iki nəticə dəqiqdir, iki məsələdə real nəticəyə nail ola bilmişik. Birincisi, satışa keyfiyyəti aşağı olan bal nümunələrinin çıxarılmasının qarşısı qəti şəkildə alınıb, vətəndaşlar yarmarkada yalnız və yalnız xalis, təmiz balın satıldığına əmin ola bilərlər. İkincisi, əvvəlki illərdə keçirilən yarmarkalarda ən böyük problemlərdən biri tədbir keçirilən ərazinin yaxınlığında, küçələrdə, səki üzərində, metro girişlərində saxta bal alverçilərinin vətəndaşlara ucuz qiymətə keyfiyyətsiz məhsul təqdim etməsi idi. Bu il biz bu problemin həllinə nail ola bildik. Saxta bal alverçilərinin vətəndaşları aldatmasının qarşısını almaqda Daxili İşlər Nazirliyinin böyük rolu olub və bu prosesdə bizimlə birgə iştirak edən polis əməkdaşlarına xüsusi təşəkkürümüzü bildiririk”.

Xəbər lenti