Xəzər Xəbər

Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb - FOTO

İqtisadiyyat | 14:43 • 22 Oktyabr 2018
Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb -

Gömrükçülər külli miqdarda siqaretin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar.

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Daewoo" markalı avtobus saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı, xidməti it avtobusun sürücü oturacağının ətrafına və mühərrik hissəsinə reaksiya verib. Bu səbəbdən avtobus təkrar yoxlanılıb.

Nəticədə, sürücü oturacağının sol tərəfində olan elektrik qoruyucuları lövhəsinin altında gömrük nəzarətindən gizlədilmiş 1600 ədəd "Manchester", avtobusun salonunda olan havalandırma sistemindəki boşluqlarda isə 4000 ədəd "Kent Nanotek 2.0" markalı siqaretlər aşkar edilib.

Daha sonra avtobusun mühərrik hissəsi yoxlanılarkən, burada da gömrük nəzarətindən gizlədilmiş 3600 ədəd "Kent Nanotek 2.0", avtobusun sağ hissəsində olan iki ədəd akkumulyatorun ətrafındakı boşluqlarda isə 600 ədəd "Forman" və 200 ədəd "Senator" markalı siqaretlər aşkar olunub.

Ümumilikdə, avtobusda 10.000 ədəd siqaret aşkara çıxarılıb.

Xəbər lenti