Xəzər Xəbər

Pərviz Şahbazov Çində Energetika Nazirlərinin Konfransında çıxış edib

İqtisadiyyat | 11:42 • 18 Oktyabr 2018
Pərviz Şahbazov Çində Energetika Nazirlərinin Konfransında çıxış edib
Konfransda Nazirlərin Birgə Bəyannaməsi imzalanıb

Energetika naziri Pərviz Şahbazov Çində keçirilən "Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda çıxış edib.

Energetika Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, nazir Çin və Azərbaycanın tarixi İpək Yolunun bərpası ilə qitələr və sivilizasiyalar arasında birləşdirici missiya yerinə yetirdiyini, Cənubi-Şərqi Asiya, Afrika və Şərqi Avropanı əhatə edən böyük bir coğrafiyada "Kəmər və Yol” təşəbbüsünün yeni əməkdaşlıq modeli formalaşdırdığını bildirib.

Azərbaycanın Bakı-Tbilisi-Qars, Şimal-Cənub kimi böyük nəqliyyat layihələri, eləcə də Ələt Beynəlxalq Dəniz Limanı ilə "Kəmər və Yol” təşəbbüsünə töhfələr verdiyini vurğulayan energetika naziri bu layihələrin reallaşmasına məhz ölkənin enerji siyasətinin dəstək verdiyini qeyd edib.

Ölkənin enerji potensialı və reallaşdırılan layihələrdən, eləcə də Xəzərlə yanaşı Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara ixracına imkan yaradan neft-qaz infrastrukturlarının yaradılmasından bəhs edilib: "Çinlə bərabər "Kəmər və Yol” layihəsinin digər əksər üzvləri ilə enerji sahəsində bir çox istiqamət üzrə mövcud əməkdaşlığımızı daha da inkişaf etdirə bilərik. Çünki Azərbaycanın enerji layihələri ilə yeni bazarlara çıxış və yeni ixrac marşrutları qazanmaq olar. Azərbaycan əməkdaşlıq vasitələri kimi enerji resurslarını, bərpa olunan enerji potensialını, tranzit imkanlarını, neft-qaz emalı, neft-kimya sektorunda birgə layihələr təklifini təqdim edə bilər”

İlk dəfə keçirilən Energetika Nazirlərinin Konfransında enerji sahəsində investisiyaların sadələşdirilməsi, gələcəyin enerjisi və enerji məhsullarının maneəsiz ticarəti mövzularında müzakirələr aparılıb. Konfransın yekununda "Kəmər və Yolun Enerji Tərəfdaşlığının Qurulmasına dair Nazirlərin Birgə Bəyannaməsi”imzalanıb. Bəyannamədə Ətraf mühitin mühafizəsi, iqlim dəyişiklikləri və dayanaqlı inkişafla bağlı çağırışların birgə əməkdaşlığı aktuallaşdırdığı, "Kəmər və Yol” təşəbbüsünün beynəlxalq əməkdaşlıq üçün açıq və inkluziv platforma kimi yeni imkanlar yaradacağı qeyd olunub. "Kəmər və Yolun Enerji Tərəfdaşlığının yaradılmasına dəstək ifadə olunub. Sənəddə həmçinin bu tərəfdaşlığın, iştirakçı ölkələr arasında enerji sektorunda ümumi inkişaf və tərəqqiyə məsləhətləşmə və əməkdaşlıq vasitəsilə birgə nail olmaq prinsipinə əsaslanacağı əks olunub.

Qeyd edək ki,"Kəmər və Yol" təşəbbüsü Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülüb. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan da bu təşəbbüsə dəstəyini ifadə edib.

Xəbər lenti