Xəzər Xəbər

Bu il Azərbaycana 193 ölkədən 2208,6 min əcnəbi gəlib - STATİSTİKA

İqtisadiyyat | 16:16 • 17 Oktyabr 2018
Bu il Azərbaycana 193 ölkədən 2208,6 min əcnəbi gəlib -

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 2208,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.


Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gələnlərin 31,2 faizi Rusiya, 19,8 faizi Gürcüstan, 10 faizi Türkiyə, 9,2 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,0 faizi Səudiyyə Ərəbistanı, 2,7 faizi İraq, 2,0 faizi Ukrayna, 1,5 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.


Gələnlərin 65,3 faizini kişilər, 34,7 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 8,4 faizi yanvar, 7,5 faizi fevral, 12,5 faizi mart, 9,9 faizi aprel, 9,4 faizi may, 12,2 faizi iyun, 15 faizi iyul, 14,6 faizi avqust, 10,5 faizi isə sentyabr ayında ölkəyə gəlib.


Cari ilin yanvar-sentyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəmizə gələn Bəhreyn vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,1 dəfə, Küveyt vətəndaşlarının sayı 2 dəfə, Qətər vətəndaşlarının sayı 1,7 dəfə, İraq vətəndaşlarının sayı 14,4 faiz, Oman vətəndaşlarının sayı 7,6 faiz artıb.


İrandan gələnlərin sayında 32,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,7 faiz azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 467,8 min nəfər gəlmiş və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.


2018-ci ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,9 faiz artaraq 88,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,7 faiz artaraq 813,7 min nəfər olub.


Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,1 faizi dəmir yolu və avtomobil, 42,9 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti