Xəzər Xəbər

Paytaxta at əti gətirənlər ifşa edildi - FOTO

İqtisadiyyat | 14:28 • 29 Sentyabr 2018
Paytaxta at əti gətirənlər ifşa edildi -

Paytaxta gətirilən 400 kiloqram ətin at əti olduğu aşkar olunub. 2018-ci il sentyabrın 26-da saat 08:00 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olmuş məlumat əsasında BDYPİ YPXA-nın Qaradağ rayonu ərazisində yerləşən postunda 1969-cu il təvəllüdlü, Biləsuvar rayon Xirmandalı kənd sakini Əli İxtiyar oğlu Quliyevin idarə etdiyi "Mercedes Benz” markalı 10-DA-091 dövlət qeydiyyat nişanlı avtomobilə Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə baxış keçirilib.


Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən xezerxeber.az-a bildirilib ki, baxış zamanı avtomobilin arxa yük saxlanc yerində təxmini çəkisi 400 kiloqrama yaxın, yük kisələrində antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, orqanoleptik cəhətdən normativlərə cavab verməyən, rəngi qaralmış, kəskin qoxusu olan, üzərində yapışqan selik əmələ gəlmiş sümüksüz ət aşkar olunaraq aidiyyəti tədbirlərin həyata keçirilməsi üçün götürülüb.


Aşkar edilən ətdən baytarlıq qanunvericiliyinə uyğun olaraq müvafiq nümunələr götürülərək müayinə məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyasına təqdim edilib.


Tədqiq (sınaq) nümunələrinin nəticələrinə əsasən müsadirə edilən ətin at əti olması məlum olub.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti