Konstitusiya Məhkəməsi
əmanətlərin sığortlanması ilə bağlı qanunun şərh edilməsinə dair qərar
qəbul edib. Belə ki, müflis olan banklarda bonuslu əmanətlərin qorunan
olub-olmaması müəyyənləşdirilən zaman qorunan faizlərin hesablanmasında
problemlər var idi. Xüsusən də "Dəmirbank”ın əmanətçilərinin bir qismi
öz qorunan əmanətlərini ala bilmirdilər. XəzərXəbər xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Ekspert qeyd edib ki, sözügedən bank daha çox əmanət cəlb etmək üçün
bonus kampaniyaları keçirirdi.
"Belə kampaniyalar həmçinin
qorunan əmanətlərə aid edilirdi. Əmanətlərin Sığortalanması Fondu isə
bankların ödədiyi bonusun faiz dərəcələrinə daxil edilib-edilməməsi
barədə qərar verə bilmədiyi üçün bəzi əmanətlər qorunmayan hesab
edilirdi və nəticədə vətəndaş öz pulunu geri ala bilmirdi. Məsələn,
müflis olmuş bank 15 faizlə qorunan manat əmanəti qəbul edir və illik
əlavə olaraq 2 faiz bonus ödəyir. Bu halda sual yaranırdı: həmin
əmanətin faizi 15, yoxsa 17 faizdir? Belə ki, 15 faiz sığortalanandır,
amma 17 faizli əmanət qorunmur".
İqtisadçı
qeyd edib ki, Konstitusiya Məhkəməsinin sonuncu qərarına əsasən,
əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Bu isə o
deməkdir ki, Konstitusiya Məhkəməsi əmanətçilərin xeyirinə qərar
çıxarıb və 2 faiz bonus olan maksimum sığortalanan faizlə cəlb edilən
əmanət müqavilələrində dividend faizi 17 yox, 15-dir. Yəni, həmin
əmanətlər qorunur və geri qaytarılmalıdır.
"Bonuslar səbəbindən
əmanətlərini ala bilməyən əmanətçilər son qərardan sonra öz vəsaitlərini
Əmanətlərin Sığortlanması Fondundan geri ala bilərlər. Söhbət
milyonlarla manatla ifadə olunan əmanətlərin geri qaytarılmasına
başlanılmasından gedir. Bu baxımdan, bonus səbəbindən qorunan
əmanətlərindən mərhum edilən əmanətçilər fonda müraciət etməklə öz
pullarını artıq geri ala bilərlər. Konstitusiya Məhkəməsinin son qərarı
bonus səbəbindən geri qaytarılmayan əmanətlərin sahiblərinə hətta bu gün
fonda müraciət edib pullarını tam olaraq geri almaq imkanı yaratdı".